Sosial şəbəkələr bizi necə məhv edir? Featured

"Digər ölkələrlə müqayisədə sosial şəbəkələrdən ən çox istifadə edən toplumuq. Sosial şəbəkələr nəinki, gənclər, yeniyetmələr, ümumiyyətlə, bütün yaş kateqoriyası üçün xoşagəlməyən hallar yarada bilir"

 

Bunu açıqlamasında psixoloq Vəfa Rəşidova sosial şəbəkələrin insanlara etdiyi mənfi təsirlər barəsində danışarkən bildirib.

Psixoloq hər gün mütəmadi yararlandığımız sosial şəbəkələrin bizi necə məhv etməsindən, lakin bundan xəbərsiz qaldığımızı vurğulamaqla sözə başlayıb:

"Məlumdur ki, hazırki dövrdə insanlar informasiyanı daha çox sosial şəbəkələrdən alırlar.

Biz özümüz onu hiss etmirik. Sosial şəbəkələrdən həddindən artıq istifadə edən kütlə var. Bax, bu kütlə bunu hiss eləməyə bilər. Çünki bir alışqanlıqdır, həyat tərzinə çevrilib. Amma onun verdiyi fəsadları insan hiss etmir. Həmin kütlə bunu hiss etmir. Biri var, sadəcə, sosial şəbəkə istifadəçisi, biri də var aludəçisi olmaq. Bunların fərqi çoxdur. Məsələn insanlar bunu analiz eləməlidir. Ümumiyyətlə ailə üzvləri buna çox diqqət yetirməlidilər. Məsələn ailə üzvünün birinin sosial şəbəkədən həddindən artıq asılılığı varsa, digəri ona zorla, psixoloji şiddətlə deyil, müəyyən korreksiya ilə müdaxilə etməlidir. Müdaxilə olmasa belə asılılıqlar əlbəttə ki, daha çox artır və bundan əlavə, onun verdiyi fəsadlar ümumiyyətlə, insanlara ciddi travmalar verir".

Sosial şəbəkə insanın gündəlik ovqatına necə təsir göstərir? - V.Rəşidovanın bu suala da cavabı maraqlıdır:

"Ciddi travma deyəndə onu nəzərdə tuturam ki, bu kimi hallar insanın ruhuna çox böyük təsir göstərir. Məsələn, yaxşı əhvali-ruhiyyədə olan insan səhər oyanıb, həmin sosial şəbəkəyə daxil olursa, oradakı informasiyalara görə hərəkət edirsə, onun bütün günlük qrafiki, istəkləri, motivasiyası, günün sonuna qədər olan hədəfləri yayınır, heçə gedir.

Bundan savayı insan avtomatik olaraq o əhvali-ruhiyyədə olmur ki, günün sonuna qədər lazım olan işlərini bitirsin. Yenə də deyirəm, bu yeniyetmələrə də, ailələrə də çox böyük təsir göstərir. Valideyn haradasa övladına qarışa bilər, yardım edə bilər. Ailələrdə isə həddindən artıq fəsadlara gətirib çıxarır".

Amma sosial şəbəkələrin ən çox zərər verdiyi amil-ailədaxili münasibətlərdir. Psixoloqu dinləyək:

"Ailə münasibətlərində ciddi problemlər yaradır. Düşünün ki, ailə başçısının, deyək ki, bir atanın ovqatı yerində deyil. Hər hansı bir sosial şəbəkədə olan paylaşımlar ona təsir göstərib. Ananın və ya atanın kefi bütün günü yerində olmur və yaxud da ki, düşüncələri xaotik həddə çatır. Bilirsiniz ki, ailəni idarə edən şəxs sağlam düşüncəli ata və anadır. Həqiqətən də xaotik paylaşımlara, xəbərlərə diqqətlə baxıb, oxuyan insanlar da az deyil.

Ən maraqlısı və ən təhlükəli tərəfi budur ki, insanlar bu kimi xəbərləri açıb bir-bir sözbəsöz oxuyub, o qədər aludə olurlar ki, özləri də hiss etmədən həmin o aqressiv, xaotik düşüncələri ailə münasibətlərində əks olunur. Məsələn, aqressiv insan və ya valideyn dedikdə, “əvvəl belə deyildi, necə oldu ki, belə oldu, davranışları niyə dəyişdi, niyə aqressivləşdi” düşünürük. Burada sosial şəbəklərin böyük rolu var. Sosial şəbəklərə görə əhvalı dəyişən insanlar belə dəyişkənliyə meylli olanlardı.

Elə insan var ki, informasiya qəbuletməsi normaldır. Yəni elə insan var ki, informasiyalara fərqli yanaşır. Yəni ən pis və təhlükəli xəbərlərə belə sakit yanaşır. Və yaxud da ki, soyuqqanlı insandır. Soyuqqanlı insanlara bu cür xaotik informasiyalar bir o qədər də təsir etmir. Amma əksəriyyət insanların durumu, aqressiyası üzdədir. Əksər insanların iqtisadi, psixoloji problemləri var. Bu problemləri olan insanlar xaotik informasiyaları qəbul edərsə, görün nə hala düşərlər. Onsuz da aşırı problemləri olan insanların sosial şəbəkələrdən xaotik tipli informasiya qəbul etməsi, fikrimcə özünə olan sayqısızlığıdır. Belə informasiyaları oxumaq vərdiş halı deməkdir. El dili ilə desək pis bir vərdişdir".

"Bəs, çıxış yolu nədir?" - sualını isə müsahib belə cavablandırır:

"Həqiqətən də həm normal hal deyil, həm də olması gərəkməyən bir durum deyil. İnsan düşünməli, planlar qurmalı, gələcəyini götür-qoy etməlidir. Bu kimi mütəmadi informasiyalar qəbul etdikdə isə insan sağlam düşüncəsini zəiflədir. Bunu insanlar dərk etməlidir. Lakin dərk edib yenə də təkrarlayan insanlar vərdiş halı alıb. Çox təəssüf ki, vərdiş halı alıbsa düzəlməsi zaman alır. Buna görə də düşünürəm ki, bu kimi vərdişləri aradan qaldırmaq və fəsadlarından qaçınmaq üçün mütəxəssis yardımı alınmalıdır".

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.