İyunun 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində üzv ölkələrin yüksəkvəzifəli şəxslərinin iclası keçirilir.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, “Turizmin inkişafında yerli icmaların rolu” mövzusunda keçirilən iclasda “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin icrası və “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi kimi məsələlərlə yanaşı, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olunacaq, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar ediləcək.
İyunun 28-də keçiriləcək təşkilata üzv ölkələrin turizm nazirlərinin görüşündə isə növbəti konfransın keçiriləcəyi tarix və yer, eləcə də 2023-2024-cü illər üzrə İƏT-in “Turizm Şəhəri Mükafatı”na namizədlər müəyyənləşdiriləcək, konfransın yekun qətnaməsinin layihə sənədi və Bakı bəyannaməsi qəbul ediləcək.
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən konfransda təşkilatın Baş katibi Hissein Brahim Taha, təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 altinstitutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edir.
Konfrans iştirakçılarının iyunun 29-da Şuşa şəhərinə səfəri nəzərdə tutulur.
Xatırladaq ki, 2018-ci ilin fevralın 5-7-də Banqladeş Respublikasının Dəkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Turizm Nazirlərinin 10-cu konfransı çərçivəsində Azərbaycanın növbəti sessiyasının keçirilməsi üçün namizədliyi təsdiqlənib və Qəbələ şəhəri 2020-ci il üzrə “İslam dünyasının turizm paytaxtı” seçilib.
Daha əvvəl Azərbaycan 2006-cı ildə təşkilata üzv ölkələrin Turizm Nazirlərinin 5-ci Konfransına ev sahibliyi edib.