Varisin “11-20 avqustun təqvimi” yazısından fraqmentlər
18 avqust. Aşura günü
Məhərrəm ayının bugünkü 10-cu günü Aşura günü kimi qeyd olunur. Şiyə təriqətindən olanlar üçün bu gün matəm günüdür. İmam Hüseyin və onun tərəfdarlarının Kərbala düzündə şəhid olmalarının ildönümündə, hansı ki, həmin hadisə Hicri təqvimi ilə 61-ci ildə baş verib, şiyələr yas tutur, məscidlərə gedir, əzadarlıq edirlər. Gənclərin həmin gün özlərini zəncirləmələri, başlarını yarıb qan çıxarmaları ziyalılar, dünyəvi insanlar, kosmopolitlər tərəfindən təqdir olunmur, onlar bunu cəhalət adlandırırlar, amma bu adət günü bu gün də qalmaqdadır.
18 avqust. Pis poeziya günü
Bəli, belə bir gün də var. Yaxşı poeziya il boyu oxunur. Bəs pis nə olsun? İldə bir dəfə də pis poeziya nümunələri diqqət önünə gətirilməlidir, axı onların da arxasında insan əməyi dayanır.
Amma bu gün Azərbaycanda əsla qeyd edilə bilməz. Niyə? Çünki bizdə heç kəs ayranına turş deyib özünün pis yazdığını etiraf etməz. Mən indi özünü poeziyada zirvə adlandıran, “Qoy Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vahid Əziz yazmağı məndən öyrənsin” deyən qocaman bir şairin bir bəndini burda qeyd etməklə pis poeziya günündə pispoeziyaçıların cümləsini təbrik edəcəyəm.
Mən sevirəm səni,
Sən də sevirsən məni.
Sən göz vur mənə,
Mən göz vurum sənə.
Bilirəm, yoxdur ərin,
Gedəyin, kəsəyin kəbin.
Düzdür, pulum azdır,
Əmma kefim həmişə sazdır.
Sənə almayacam qara cip,
Əvəzinə alacam gümüş sep.
Villada degil, kirədə qalaruq,
Kam verib kam alaruq.
18 avqust. Azərbaycan Sərhədçilərinin Peşə Bayramı
Vətən sərhəddən sərhəddəcən uzanır. Ona görə də vətənə gələndə ilk olaraq, ondan gedəndə də son olaraq sərhədçiləri görürük. Məlum olduğu kimi, Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi 1918-ci ilə - Cümhuriyyət dövrünə təsadüf edir. 1918-ci il iyun ayının 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd postu yaradılmış, digər istiqamətlərdə də oxşar məntəqələrin yaradılması işinə başlanılmışdır. 1919-cu il avqust ayının 18-də Azərbaycan Demokratik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etdikdən sonra əlavə olaraq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilmişdir. Müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərində bilavasitə Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işi də təşkil edilmiş, milli sərhəd siyasətinin əsası qoyulmuş, sərhəd strategiyası müəyyənləşdirilmişdir.
2000-ci il avqust ayının 16-da Prezident Heydər Əliyev ADR-in ilk sərhəd mühafizəsinin təsis edildiyi tarixin - 18 avqustun Azərbaycan Respublikasının Sərhəd Qoşunları Əməkdaşlarının Peşə Bayramı Günü kimi elan edilməsi haqqında Sərəncam imzalamışdır. O vaxtdan da bu avqust günündə hamı sərhədçiləri təbrik etməyi özünə borc bilir. Bu gün sərhədlərimiz Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev başda olmaqla şanlı və müzəffər sərhədçilərimiz tərəfindən ləyaqətlə qorunmaqdadır. Bayramınız mübarək, əziz sərhədçilərimiz!
18 avqust. Tanınmış filoloq alim Kamil Vəli Nərimanoğlunun 75 illiyi
Bu cür dərin zəkalı alimimizə mütləq hörmət və ehtiram bildirməliyik. Kamil Nəriman oğlu Vəliyev 1946-cı il avqust ayının 18-də Cəbrayıl rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1965-1970-ci illərdə BDU-nun filologiya fakültəsində təhsil almışdır. Elmi və publisistik yaradıcılığa tələbəlik illərindən başlamış, 1970-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılmışdır. 1976-1981-ci illərdə həmin kafedrada baş müəllim, 1981-1988-ci illərdə dosent, 1989-cu ildə professor, 1988- 1998-ci illərdə universitetin filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur. 1974-cü ildə “Azərbaycan dilində “ki” şəkilçisi” mövzusunda namizədlik, 1988-ci ildə “Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1990-cı ildə Türkiyə Folklor Araşdırmaları Vəqfinin nümayəndəsi, Səlcuq Universitetinin fəxri doktoru seçilmişdir. Türkiyə linqvistika cəmiyyətinin müxbir üzvüdür. 1993-cü ildə - Elçibəy hakimiyyəti dönəmində Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləmişdir. 1991-1992-ci illərdə Türkiyədə İzmir Egey Universitetinin, 1999-2000-ci illərdə Şimali Kipr Respublikasında Doğu Ağdəniz Universitetinin professoru olmuş, mühazirələr oxumuşdur. Hazırda Avrasiya Strateji Araşdırmalar Mərkəzinin sədri, çoxcildli “Türk Dünyası ədəbiyyatı” kitabının redaksiya şurasının üzvü, Türkiyədə çap olunan “Bilgi”, “Yol”, “Milli folklor”, Qazaxıstanda dərc edilən “Türkologiya” dərgilərinin redaksiya heyətinin, Çingiz Aytmatov Akademiyasının üzvüdür. Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvüdür. Yedditəpə Universitetinin müəllimidir.
Kamil Vəliyev 2002-ci ildə “Ey Füzuli” esse-romanını, Məhəmməd Füzulinin “Türk divanının dibaçəsi”ni, Əlişir Nəvainin “İki dilin mübahisəsi” və Yusif Balasaqunlunun “Qutatqu bilik” əsərlərini ön sözlə kütləvi tirajla nəşr etdirmişdir. İndiyədək 40 elmi monoqrafik əsərin, çoxlu tərcümələrin, 500-dən çox məqalənin müəllifidir. 20-dən çox ölkədə konfrans və simpoziumlarda iştirak etmişdir. Kamil Vəliyev xidmətlərinə görə Türkiyə Respublikasının “Şərəf və Ləyaqət nişanı” ilə təltif olunmuşdur. Vətəni Azərbaycanda da ona layiqli qiymət veriləcəyini gözləyir, fəxr edir, qürur duyuruq.
18 avqust. “Lolita”nın doğuluşu və Çingiz xanın ölümü
1958-ci ilin bu günündə ABŞ-da rus dissident yazıçısı Vladimir Nabokovun dünyaca məşhur “Lolita” romanı işıq üzü görüb, bilirsinizmi? Yaxud, 1201-ci ilin bu günündə Riqa şəhəri qurulub, bilirsinizmi? Bəs bunu necə, 1750-ci ilin bu günündə dünyaşöhrətli Motsartın qənimi Antonio Salyeri doğulub? Bəs dünya fatehi Çingizxanın 1227-ci ilin bu günündə vəfat etməsini necə?
Amma bunu təxmin etdiniz yəqin, ABŞ-da bu gün növbəti mətbəx bayramıdır, dondurma tortu günüdür. Bu ləzzətli təam çox baha olduğundan (ən kiçiyi və ən ucuzu 8-10 manat arasındadır) google-da axtarış verib, rəsmlər nöqtəsini tıklayıb rəsminə baxa bilərsiniz. Lap cəsarətliləriniz hətta gedib marketin soyuducularında canlı-canlı ona tamaşa da edə bilərsiniz. Təki, həvəsiniz olsun.