Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Yarat Müasir İncəsənət Məkanın birgə layihəsi olan "Mədəni yenilənmə" davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, 16 və 17 iyun tarixlərində “Mədəni yenilənmə” layihəsi çərçivəsində izləyiciləri yeni maraqlı tədbirlər gözləyir. Bu dəfəki qonaq teatr və kino aktyoru, rejissor, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Əməkdar artisti Timur Bədəlbəyli olacaq.
Timur Bədəlbəyli B. Şukin adına Moskva Ali Teatr Məktəbinin (Y. Lyubimovun kursu) məzunudur. Təhsilini bitirdikdən sonra Taqanka Teatrının truppasına dəvət olunur və tez bir zamanda bu teatrın aparıcı aktyoruna çevrilir. O, “Əlvida, cənub şəhəri” filmindəki roluna görə “Şərq-Qərb” Beynəlxalq Film Festivalının (2006) və Batumi Beynəlxalq Arthaus Filmləri Festivalının (2007) mükafatlarına layiq görülüb.
16 iyun, saat 19:00.
Açıq yaradıcılıq görüşü.
Yaradıcılıq görüşü çərçivəsində həmçinin “Böyük mistifikasiyalar” sənədli filmlər silsiləsinin bir buraxılışı da nümayiş olunacaq və sonra müzakirə aparılacaq.
17 iyun, saat 19:00.
Aktyorlar və rejissorlar üçün ustad dərsi.
Dünya teatr islahatçısı Yuri Lyubimovun yaradıcılıq üsulu.
Şərti total teatr və "sintetik" aktyorun tərbiyəsi.
“Müəllif teatrı” mövzusu və postmodern teatrın perspektivləri ətrafında müzakirə.
Tədbirlər Yarat Müasir İncəsənət Məkanında keçiriləcəkdir.