İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) “İslam dünyasında muzey bələdçisi”nin birinci cildi çapdan çıxıb.
Təşkilatın baş ofisindən AzərTAC-a bildiriblər ki, elektron variantda da təqdim edilən birinci nəşr “Afrika regionunda muzeylər” adlanır. Burada ICESCO-ya üzv olan səhraaltı Afrika ölkələrinin muzeyləri və İslam irs abidələri barədə məlumatlar yerləşdirilib. Bundan başqa, tələbələr, tədqiqatçılar, investorlar və mədəniyyət sahəsində sahibkarlıqla məşğul olanların stolüstü kitabına çevriləcək 178 səhifəlik muzey bələdçisinin buraxılmasında əsas məqsəd mədəni turizmin inkişafına töhfə verməkdir.
Kitaba önsöz yazan ICESCO-nun Baş direktoru Salim Əl-Malik qeyd edib ki, ilk buraxılışda 194 muzey barədə ətraflı məlumat verilib. O əlavə edib ki, yaxın vaxtlarda Yaxın Şərq və digər regionlardakı İslam ölkələrində yerləşən muzeylər və irs abidələri haqqında yeni cildlər işıq üzü görəcək.