Ölkəmiz İstanbulda keçirilən beynəlxalq “Türk Dünyası Hekayə Festivalı”nda təmsil olunur.
AzərTAC xəbər verir ki, İstanbulun Zeytinburnu bələdiyyəsi tərəfindən təşkil olunan festival "Hekayəni xatırla" mövzusu ilə keçirilir. Tədbirin məqsədi türkdilli dövlətlərdən olan yazıçı, şair və nasirləri ədəbiyyat və incəsənətsevərlərlə bir araya gətirməkdir.
Festivalın builki aparıcı türkdilli dövləti Azərbaycan seçilib. Tədbirdə ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev (Anar), Pərvin Nurəliyeva, Kamran Nəzirli və Təranə Vahid təmsil edirlər.
Hər il ənənəvi olaraq beynəlxalq səviyyədə baş tutan festival, bu il türk dünyasına və türkdilli dövlətlərin ədəbiyyat, şeir və nəsr əsərlərinə həsr olunub.
Mərasimdə çıxış edən yazıçı İmdad Avşar Azərbaycan və Türkiyə xalqlarının mədəniyyət nümunələrinin oxşar cəhətlərindən bəhs edib. Bu bənzərliyin tarixi-mədəni birliyimizdən irəli gəldiyini vurğulayıb. Türkdilli xalqların ədəbiyyatlarında öz əksini tapan ictimai və estetik ideya həmrəyliyi bu birliyi şərtləndirən əsas amil kimi qiymətləndirilib.