Qazax ləhcəsini Virciniya ştatında yaşadan professor… Featured

Elman Eldaroğlu yazır

 

Mərhum xalq yazıçısı İsmayıl Şıxlının romanı əsasında çəkilən "Dəli Kür" bədii filminə çox adam baxıb. Filmdə haqqında bəhs olunan Qori seminariyasının  Qazax filialı yəqin ki, yadınızdadır. Bax, həmin elm ocağı üçün binanı Hacı Kərim Sanılı bağışlayıb. O vaxt o, çar dumasının üzvü, mülkədar olub. Haqqında söhbət açdığım Faiq Musayev də Sanılı şəcərəsinin davamçılarındandır…

O, 1952-ci ildə Qazax rayonunun Çaylı kəndində dünyaya gəlib. 1969-cu ildə orta təhsilini qızıl medalla başa vuraraq Azərbaycan Dövlət Pedaqoji İnstitutuna  qəbul olunub. 1973-cü ildə oranın kimya fakultəsini fərqlənmə diplomu ilə bitirib. Bir il Qaradağ rayonunun Sanqaçal qəsəbəsindəki orta məktəbdə müəllimlik edib. 1974-cü ildə indiki AMEA-nın Qeyri üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasına daxil olub. Xudu Məmmədovun rəhbərlik etdiyi laboratoriyada elmi araşdırmalara başlayıb. Arada bir il əsgəri xidmət keçib. Ordudan qayıtdıqdan sonra elmi fəaliyyətini davam etdirən Faiq Musayev 1979-cu ildə kimya elmləri namizədi, 1991-ci ildə isə kimya elmləri doktoru elmi dərəcələrinə yiyələnib. Və Tayvana yola düşənədək bu laboratoriyada aparıcı elmi işçi vəzifəsinədək yüksələ bilib. 1993-1998-ci illərdə Tayvan Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda zülalların ayrılması və onların kristal quruluşunun öyrənilməsi ilə məşğul olub. 1998-ci ildə ABŞ-ın Virciniya Kommonvels Universitetinə dəvət alıb. Bu günədək həmin elm ocağının tibb kafedrasında çalışır. Post doktorluqdan professor vəzifəsinədək yüksələ bilib. Həm də "Quruluş Bioligiyası" laboratoriyasının rəhbəridir…

…Atası Nəsif Musayev uzun illər Çaylı kənd məktəbində tarix fənnindən dərs deyib. Ömür-gün yoldaşı Təranə xanım Xarici Dillər Universitetini bitirib. Bakıda yaşayarkən orta məktəblərdən birində ingilis dili müəllimi olub. Virciniyaya gələndən sonra tibbi təhsil alaraq peşəsini dəyişib. Hazırda həyat yoldaşının işlədiyi universitetin hospitalında çalışır. Böyük oğlu Sanı Sanıyevin 40, ikinci oğlu Emil Sanıyevin isə 27 yaşı var. Sanı bəy Virginiya Kommonvels Universitetində informasiya texnologiyaları üzrə təhsil alıb, kiçik qardaşı isə əzzaçılıq fakultəsində oxuyur…

…Professor Faiq Musayev Azərbaycanın Amerikadakı səfirliyinin bütün tədbirlərinə dəvət alır. Söylədiyinə görə, həmin tədbirlərin əksəriyyətində iştirak edib…
Deyir ki,- "ABŞ-a gəlmək istəyən gənclərə bir tövsiyəm var. Heç nədən qorxmasınlar, gəlib təhsillərini burada davam etdirsinlər. Yüksək texniki bazası olan universitetlərdə oxusunlar. Əlbəttə, ilk illərdə çətinliklər olacaq. Amma bu ölkədə çalışmaq, uğur qazanmaq istəyən gənclərə geniş imkanlar var"…
…Onun arzuları çoxdur - istəyir ki, doğma vətənində təhsilin səviyyəsi yüksək olsun. Baxmayaraq ki, iyirmi dörd ildir Amerikada yaşayır, hələ də Azərbaycanı unutmur. Gözləyir ki, təqaüdə çıxıb, vətənə dönsün…
…Deyir ki,- "Rəhmətlik Xudu Məmmədov bizə təkcə elm öyrətmədi. O, bizə yaxşı insan olmağı öyrətdi. Bu gün də onun öyüdləri ilə yaşayıram"…
…Bu mehriban, təvazökar, hələ də şirin Qazax ləhcəsi ilə danışan azərbaycanlı professorun gözlərinə baxanda, qəlbinin dərinliklərindən boylanan vətən həsrətini görməmək olmur. İnanıram ki, bu həsrətin sonu vüsalla bitəcək və Faiq müəllim Azərbaycana qovuşacaq…

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.