Varisin 11-20 avqustun təqvimi yazısından seçmələr
14 avqust. Pakistanın Müstəqillik Günü
44 günlük müharibə zamanı hamının əlində Azərbaycan və Türkiyənin bayrağından başqa həm də Pakistanın bayrağını görmək olardı. Niyə? Çünki Pakistan siyasi, geosiyası, strateji baxımdan Azərbaycana Türkiyədən sonra ikinci ən yaxın olan ölkədir. Pakistanlılarda Azərbaycana müdhiş bir sevgi var. Bu sevgi bilirsinizmi haradan qaynaqlanır? Ötən əsrin əvvəllərində bir yandan müstəmləkəçilik, bir yandan yoluxucu xəstəliklər yoxsul Pakistanı tam əldən salanda, əhali kütləvi qırılanda azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyev müsəlman qardaşlarının köməyinə yetib, onlara böyük miqdarda maddi köməklik göstərib. Bax bunun əvəzidir ki, yüz ildir pakistanlılar özlərini bizlərə borclu hesab edirlər. (Yeri gəlmişkən, hazırda milyardlar xərcləyib, kürü yedirdib lobbiləşdirmək istədiyimiz əcnəbilər isə kürünü həzm edib qurtaran kimi doxsan dərəcə əks tərəfə meyillənirlər).
1947-ci ilin 14 avqust günündə dost ölkə müstəqilliyini əldə edib. Ona kimi isə Pakistan Böyük Britaniyanın əsarəti altında idi. Bu ölkənin bəzi özəlliklərini qeyd edim. Pakistan nüvə silahına malik tək-tük ölkələrdən biridir. Dünyadakı futbol toplarının yarıdan çoxu bu ölkədə istehsal olunur. Pakistanlı qız Malala Yusufzay dünyada Nobel mükafatına layiq görülən ən gənc insandır. Pakistanlı vunderkinq Şofan Txobani 8 yaşından Microsoft korporasiyasının sertifikatlı mütəxəssi olmaqla dünyanın ən azyaşlı qulluqçusu hesab olunur. Dünyada ən hündürdə yerləşən avtomagistral da bu ölkənin ərazisindədir. Bu, Xuncerab aşırımından keçən Karakorum şossesidir. Onu qədim İpək Yolu marşrutunun üzərində salıblar.
Hazırda Pakistanda 187 milyon insan yaşayır. Pakistanlılar xoşbəxtdirlərmi? Əfsus ki yox. Ölkədə həyat səviyyəsi çox aşağıdır, yoxsulluq həddi yüksəkdir. Ölkə korrupsiyadan, terrorizmdən, narkotranzit mövqeyindən əziyyət çəkir. Büdcənin böyük əksəriyyəti xalqın rifahına deyil, lazımsız nüvə silahı xərclərinə yönəlib. Və sair və illaxır. Allah bu qardaş xalqa kömək olsun!
15 avqust. Görkəmli şotland yazıçısı Valter Skottun 250 illiyi
Kitab qurdları və ədəbiyyatçılar bir yana, digərləri ən azından, “Kventin Dorvard” romanının adını ki eşidiblər? Onu yazan Valter Skott 1771-ci il avqust ayının 15-də İngiltərənin Şotlandiya vilayətində anadan olmuşdur. 1785-ci ildə Edinburq kollecinə qəbul olunmuş, tələbəlik dövründən çoxlu mütaliə etmiş, antik dövrün ədəbiyyatı və Şotlandiya poeziyası, alman dili və alman yazıçılarının əsərləri ilə maraqlanmış, tələbə yoldaşları ilə birgə “Poetik cəmiyyət” dərnəyi təşkil etmişdir. 1792-ci ildə Edinburq Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir. Yaradıcılığa XVIII əsrin 90-cı illərində poeziya ilə başlamış 1800-cü ildən etibarən bir neçə il ərzində Şotlandiyanın ucqar yerlərini gəzərək topladığı xalq nəğmələrini 1802-ci ildə “Şotlandiyanın sərhəd nəğmələri” adı ilə ikicilddə çap etdirmişdir. Bu topluya daxil edilmiş xalq şeirinin əsl nümunələrində Şotlandiya tarixinə aid çox zəngin materiallar vardır. Bu topludan sonra yazıçı dalbadal “Sonuncu menestrelin mahnısı”, “Marmion”, “Göl qızı”, “Rokbi” adlı romantik poemalarını yazmışdır. Xüsusən, “Sonuncu menestrelin mahnısı” (1805) əsəri qədim Şotlandiyanı çox gözəl təsvir etdiyinə görə müəllifə böyük şöhrət qazandırmışdır. Tarixi roman janrının yaradıcısı məhz Skottdur. O, otuzdan çox roman və povestin müəllifidir. Romanlarını gizli imzalarla dərc etdirmiş, müəllifliyini yalnız 1829-cu ildə, əsərlərinin tam külliyatının nəşri ilə əlaqədar açıq elan etmişdir. Mühüm sosial-tarixi konfliktlərin təsiri, xalqın və dövlətin taleyi, cəmiyyətin inkişafı, sosial ədalətsizlik, milli və sinfi mübarizə problemləri ilə bağlılıq Skottun tarixi romanlarının əsas xüsusiyyətləridir. “Ueverli” (ilk romanı, 1814), “Puritanlar” (1816), “Rob Roy” (1818), “Edinburq məhbəsi” (1818),“Ayvenqo” (1819), “Abbat” (1820), “Kenilvord” (1821), “Vudstok” (1826) və s. romanları İngiltərə, “Kventin Dorvard” (1823), “Parisli qraf Robert” (1832) və s. romanları Avropa ölkələrinin tarixindən bəhs edir. “Napoleon Bonapartın həyatı” (1827), “Şotlandiyanın tarixi” (1829- 1830), “Lord Bayronun ölümü” (1824), “Romançıların həyatı” (1821-1824) və s. tarixi-ədəbi əsərləri məşhurdur. Valter Skottun yaradıcılığı Avropa və Amerika ədəbiyyatında sosial roman janrının inkişafına güclü təsir göstərmiş, Stendal onu “bizim ümumi atamız” adlandırmış, Balzak, Puşkin, Belinski onun yaradıcılığını yüksək qiymətləndirmişlər. Valter Skott 1832-ci il sentyabr ayının 21-də Abbotsford şəhərində vəfat etmişdir. Xristianlara Allah rəhməti düşmürmü, düşür.
15 avqust. Lixtenşteyn Krallığının Milli Günü
Cırtdan ölkələrə kim həsəd aparmır ki? Barmaqhesabı əhalisi olan, bu başından o başına yarım saata gedə biləcəyin bax bu Farerlərdə, Vatikanlarda, Andorralarda, San-Marinolarda, Lüksemburqlarda, Lixtenşteynlərdə həyat səviyyəsi o qədər yüksəkdir, insan faktoru o qədər dəyərlidir ki, həsəd aparmayıb neynəyəsən?
1940-cı ildən Şahzadə II Frans İosifin doğum günü -15 avqust milli gün kimi Lixtenşteyndə qeyd edilir. Həmin gün atəşfəşanlıq olur, yarmarkalar, kütləvi şənliklər keçirilir. İnanmazsınız, ölkə başçısı - Şahzadə II-ci Hans-Adams və onun oğlu əhaliyə paytaxt Vadusun qəsrində pivə qonaqlığı verirlər.
Cəmi 62 kvadrat kilometrlik ərazidə cəmi 37 min əhalisi ilə mövcud olan Lixtenşteynin paytaxtı Vadusda 5425 adam yaşayır, bizim məhəlləmizdəkindən azı 2 dəfə az. Amma bu cırtdan ölkədə inkişaf etmiş iqtisadiyyat da var (söhbət kağız üzərindəki yalançı inkişafdan getmir). Məsələn, Şaan şəhərindəki diş protezləri kombinatı bu siqmentdə dünyada liderdir, belə ki, bütün dünyada istehsal olunan diş protezlərinin 20 faizi bu kombinatın payına düşür. Hər il burada 60 milyon komplekt protez istehsal olunur. Tək elə bu protezin gəliri ilə ölkə əhalisinə adambaşı ayda 3 min dollar əməkhaqqı vermək olar. (Sağ əlləri zəngin ehtiyatları olan, böyük əraziləri və insan resursları olan, amma əhalisinə gün ağlamayan ölkələrin başına).
Demək, dünyada ən az cinayət hadisəsi qeydə alınan ölkələr siyahısındadır Lixtenşteyn. Burada son qətl hadisəsi uzaq 1997-ci ildə qeydə alınıb. Oğurluq yoxdur deyə insanlar qapılarını belə bağlamırlar. Bu ölkədə çox maraqlı və təkrarsız qanunlar var. Əhaliyə böyük azadlıqlar verilsə də ölkənin rəsmi nahar fasiləsi vaxtında – saat 12-dən 13.30-dək, bir də axşam yuxusuna dalma müddətində - saat 23-dən səhər 6-yadək səs-küy, qışqır-bağır salmaq rəsmən qadağandır. Daha bir qadağa qazon üzərinə çıxmağadır. Qardaş, həmin vaxtlar səs salma, bir də qazonun üstünə çıxma, yaşa da özün üçün. İşləməsən belə ayda 4-5 min avro paranı al, şellən. İşləsən milyonçu ol. İstedadlısansa, tutalım, mədəniyyət, idman, elm sahələrində fırtına qopara bilirsənsə, dünyaya səs sala bilirsənsə onda sənə ümumiyyətlə zaval yoxdur, möhtərəm Hans-Adams cənabları səni ovcunun içində saxlayacaq. Daha nə lazımdır ki, xoşbəxt olmaq üçün?