13 avqust Solaxaylar Günüdür, Atatürkün prezident seçilməsinin, xərçəng virusunun kəşf edilməsinin, yəhudilərin Fələstinə köçürülməsinin ildönümü, Elmira Rəhimovanın 80 illik yubileyidir

 

Varisin “11-20 avqustun təqvimi” yazısından bu gün üçün seçmələr

 

 

 

13 avqust. Ümumdünya Solaxaylar Günü

 

İnternational Left-handers. Planetdəki insanların 10-11 faizi solaxaydır. Ehtimal olunur ki, aparıcı əlin müəyyənləşdirilməsində 40 gen rol oynayır. BBC-nin yazdığına görə, Belfast Universitetindən tədqiqatçı Piter Hepper səs şüası ilə uşağın ana bətnində hərəkətlərini izləyib, müəyyənləşdirib ki, hər 10 embriondan 9-u sağ əlinin böyük baş barmağını ağzına soxmağa vərdiş edir. Doğulandan sonra həmin o yerdə qalan bir körpə solaxay olur. Nə gizlədim, uşaqlıqda mən də solaxay idim, sol əllə rəsmlər çəkir, yazı yazırdım. Evdə anam, məktəbdə ibtidai sinif müəllimim biri nəzakətlə, digəri xətkeşlə məni sol əllə yazmaqdan çəkindirdilər.

 

Yaxşı, solaxaylıq göz önündə olan şeydir, bu barədə hamı məlumatlıdır, demək, insanların 10-11 faizi soləllidir. Bəs siz bilirsinizmi, başqa bilmədiyimiz, əhəmiyyət vermədiyimiz nüanslar da var? Solayaqlılıq, solqulaqlılıq və solgözlülük. Bəli, bəli. Necə ki, sağ əl sola nisbətən dominantdır, ayaqda, gözdə, qulaqda da eynəndir. Amma onlarda da istisnalar olur. Özü də daha böyük miqyasda. Demək, insanların 40 faizi solqulaqlı, 30 faizi solgözlü, 20 faizi isə solayaqlıdır. Bəli, eynən beləcə.

 

13 avqust. Xalq Artisti Elmira Rəhimovanın 80 illik yubileyi

 

İndi yaşına görə oxumur, gənclər də, yəqin ki, onu tanımazlar. Amma bir vaxtlar çox adam onu tanıyırdı, ölkəmizdə hind kinosu alüdəçiliyi dövrləri idi, hind kino musiqisinin heyranları yüz minlərləydi, Elmira Rəhimova da hind mahnıları oxuyaraq populyarlaşmışdı.

 

Elmira Allahverdi qızı Rəhimova 1941-ci il avqust ayının 13-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildən Müslüm Maqomayev adına Mahnı və Rəqs ansamblının, 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 1965-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirmişdir. Texnikumda Seyid Şuşinskidən dərs almışdır. 1970-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. Elmira Rəhimovanın repertuarına Azərbaycan xalq mahnıları, təsniflər, bəstəkar mahnıları daxildir. 1957-ci ildə Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə bu ölkəyə getmiş, üç il orada klassik hind rəqs sənətini mənimsəmiş, hind mahnıları oxumağı öyrənmişdir. 1961-ci ildə yenidən Hindistana dəvət olunmuş müğənni oradan qayıtdıqdan sonra müxtəlif musiqi ansambllarında çıxış etmişdir. Onun ifasında xüsusilə “Tələbəlik illəri”, “Ana laylası”, “Mən anayam”, “Küsüb məndən”, “Sənin gülüşlərin” və digər mahnılar şöhrət qazanmışdır. Müğənni 1967-ci ildə Respublikanın “Əməkdar artist”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olmuş, müxtəlif illərdə bir çox medal və yüksək səviyyəli fəxri fərmanlara layiq görülmüşdür. O, dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində olmuşdur. Elmira Rəhimova 2002-ci il iyun ayının 11-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

 

13 avqust. Atatürkün Türkiyənin ilk prezidenti seçilməsinin ildönümü

 

Bu hadisə 1923-cü ildə baş verib. Böyük gündür, Türkiyəni parçalanmaqdan, imperialist Avropa ölkələrinin və Amerikanın arasında bölüşdürülməsindən xilas edən tarixi gündür. Bu gün böyük Mustafa Kamal Atatürkü anmamaq qəbahətdir. Atatürkün qurduğu dost, qardaş müasir Türkiyə biz azərbaycanlıların dünyada ən böyük dayağıdır.

 

Ayrıca bu nəhs gün barədə nə demək olar? Bəlkə onu deyək ki, 1990-cı ilin bu günündə SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov 1920-50-ci illərdə repressiyaya uğrayanların hüquqlarının bərpası barədə qərar imzalamışdır? Bu qərardan sonra bizim Azərbaycanda da arxivlər açılmış, xüsusən 1937-ci il qurbanı olan məşhur ziyalıların taleyinə işıq salınmışdır. (Təkcə 1937-ci ildə Azərbaycanda “troyka” deyilən 3 alçaq insandan ibarət cəza aparatı 2792 nəfəri güllələtmiş, 4425 nəfəri isə həbs və sürgün etdirmişdir). Siyahıda elə isimlər var ki, adam onların ruhu qarşısında baş əyməyə bilmir: Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid, Vəli Xuluflu, Salman Mümtaz, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli, Bəkir Çobanzadə, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, daha kimlər, daha kimlər...

 

1964-cü ilin bu günündə Böyük Briyaniyada son ölüm cəzası həyata keçirilib, 1966-ci ildə Tunisdə qıza, qadına gödək ətək geyinmək yasaq edilib. 1947-ci ildə Laxorda qəzəbli kütlə Mxatma Qandinin evini daşa basıb. 1945-ci ildə Ümumdünya Sionist Konqresi milyon yəhudinin Fələstinə köçməsinə razılıq ala bilib. 1946-ci ilin bu günündə - tam 75 il əvvəl məşhur ingilis fantastı Herbert Uells dünyadan köçüb. 1932-ci ildə Romada Quqlielmo Markone ilk qısadalğalı radionu işə salıb. 1912-ci ildə fransalı həkim Q.Odin xərçəng virusunu kəşf edib. 1907-ci ildə Nyu-Yorkda ilk taksilər peyda olublar. 1899-cu ildə amerikalı ixtiraçı Uilyam Qree telefon-avtomatı patentləşdirib. 1822-ci ildə rus imperatoru 1-ci Aleksandr masson lojasının fəaliyyətinə qadağa qoyub. Və ən nəhayət, siz bu nəhs günə niyə elə-belə baxırsınız ki, baxmayın. Mayya hindu təqviminə görə məhz eramızdan əvvəl 3113-cü ilin 13 avqust günündə dünya təşəkkül tapıb.

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.