Varisin “11-20 avqustun təqvimi” yazısından bu gün üçün seçmələr
12 avqust.Bеynəlxalq Gənclər Günü
1998-ci ilin 8-12 avqust tarixində Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında Beynəlxalq Gənclər Gününün keçirilməsi barədə razılığa gəlindi, BMT-nin Baş Assambleyasının 54/120 saylı qətnaməsi ilə 12 avqust tarixinin Gənclər günü kimi qeyd olunması qərara alındı. Hazırda dünya əhalisinin təqribən 3 milyard nəfəri yaşı 25-ədək olan gənclərdir. Onların tən yarısı - yarım milyarddan çoxu kasıbçılıq həddində yaşayır. 100 milyondan artıq uşaq məktəbə gedə bilmir. Hər gün 30 min uşaq aclıqdan ölür. BMT-nin Baş katibi bax bu Gənclər Gününü keçirməklə dünya birliyini gənclərin problemlərini həll etməyə çağırır.
Respublikamızda Bеynəlxalq Gənclər Günü ilk dəfə 2000-ci il avqust ayının 12-də qeyd edilib. Ayrıca, 2 fevral tarixi 1996-cı ildən etibarən Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Onu da qeyd edək ki, gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunub. Bu gün Azərbaycanda Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondu bilavasitə gəncliklə bağlı fəaliyyət aparır. Azərbaycan gəncliyi işgüzardır, savadlıdır, istedadlıdır, böyük potensiala malikdir. Üstəlik, mərddir, cəsurdur. Torpaqlarımızı işğaldan azad edən ordumuzun gənc əsgər və zabitlərinin timsalında bunu əminliklə deyə bilərik. Yetər ki, Azərbaycan gəncliyi daim diqqət və qayğı ilə əhatə olunsun, gəncləri bürokratik əngəllər, işsizlik, maddi problemlər qayğılandırmasın.
12 avqust. Uşaq yazıçısı Ələviyyə Bbabayevanın 100 illik yubileyi
Ələviyyə Babayeva Azərbaycan Sovet nəsrinin oxunan imzalarından biri olub. O, 1921-ci il avqust ayının 12-də Bakıda anadan olub. BDU-nun filologiya fakültəsini bitirib, 1951-1973-cü illərdə “Azərbaycan qadını” jurnalında məsul katib, 1973-1985-cı illərdə “Gənclik” nəşriyyatında Müasir ədəbiyyat şöbəsinin müdiri və baş redaktor olub. 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzvlük edib. Ələviyyə xanım bədii yaradıcılığa 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “İki həyat” adlı hekayəsi ilə başlayıb. Onun kiçikyaşlı uşaqlar üçün “Mənim müəllimim”, “Kənd yolları”, “Yenə baharda”, “Sehrli pillələr” hekayə kitabları çap edilib. Uşaq yazıçısı kimi uzun illər kiçik hekayələr yazıb, uşaqların, yeniyetmə və gənclərin mənəvi dünyasının zənginləşməsinə, vətənpərvərlik ruhunda tərbiyələnmələrinə xidmət edib. “Kölgə”, “Yarpaqlar nə haqda pıçıldaşır”, “Tut” adlı hekayələr kitabını, “Adamlar və talelər”, “Hardasan dost, harada”, “Anadil ağlayırdı”, “Yanar su”, “Ölürəm, a dağlar” povest və romanlarını bu mövzuya həsr edib. Xanım yazar 25-dən artıq kitabın müəllifidir. Bir sıra əsərləri rus, ingilis, türk, bolqar, çin, yapon və başqa dillərə tərcümə olunub və həmin ölkələrin nəşriyyatlarında çapdan çıxıb. 1979-cu ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 2011-ci ilin avqust ayında 90 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunub. Ələviyyə Babayeva 2014-cü il sentyabr ayının 23-də - 93 yaşında vəfat edib. Ruhu şad olsun!
12 avqust. Xalq Şairi Qabilin 95 illiyi.
Qabilin adı gələndə nədənsə dərhal yadımıza məşhur bir KVN səhnəsi gəlir. Heydər Əliyev obrazını canlandıran Murad Dadaşov Novruz bayramı şənliyində “Paravoz” şeirini deyə-deyə əsib-coşan Qabil obrazını canlandıran Bəhram Bağırzadədən təmkinlə soruşur ki, “Sənin neçə yaşın var, ay Qabil”.
Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqust ayının 12-də Bakıda anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirmişdir. “Gəl, baharım!” adlı ilk şeiri 1944-cü il aprelin 2-də “Ədəbiyyat qəzeti”ndə çap olunmuşdur. 1948-1951-ci illərdə M.F.Axundov adına Yardımlı rayon orta məktəbində müəllimlik etmiş, sonra isə Bakıdakı 40 saylı fəhlə-gənclər orta məktəbində dərs hissə müdiri, APİ-nin Azərbaycan ədəbiyyatı kafedrasında laborant kimi çalışmışdır. 1950-ci ildə “Səhər açılır” adlı ilk kitabı nəşr olunmuşdur. 1951-1954-cü illərdə “Azərbaycan müəllimi”, “Kommunist” qəzeti redaksiyalarında əməkdaşlıq etmişdir. 1954-1956-cı illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. 1957-ci ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında Poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə “Azərbaycan” jurnalının redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləmişdir. 1977-ci ildə İtaliyada keçirilən Azərbaycan günlərində, 1990-cı ildə Qeysəriyyədə Millətlərarası Böyük Azərbaycan konqresində, 1992-ci ildə Tehranda Şəhriyar poeziya günlərində iştirak etmiş, 1994-cü ildə Azərbaycan Prezidenti nümayəndə heyəti tərkibində Çində səfərdə olmuşdur. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir.
Qabil 1976-cı ildə Azərbaycan Dövlət mükafatı laureatı olmuş, 1984- cü ildə “Əməkdar incəsənət xadimi”, 1992-ci ildə isə Azərbaycanın “Xalq şairi” fəxri adlarına layiq görülmüşdür. 1980-ci ildə “Əmək igidliyinə görə” medalı və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. 1996-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri və anadan olmasının 70 illiyi münasibətilə “Şöhrət” ordeninə, 1998-ci ildə Ədəbiyyat Fondunun Rəsul Rza mükafatına layiq görülmüş, 2006-cı ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Qabil 2007-ci il aprel ayının 4-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. Ruhu şad olsun!
12 avqust, Ümumdünya Fillər Günü
Mən dəqiq bilmirəm, xalq şairimiz Qabil fillər barədə də şeir yazıbmı, amma bu gün fillərin bayramıdır. Ümumdünya Fillər Günü (World Elephant Day) 2012-ci ildən qeyd edilir. İdeya Kanada kinematoqrafçıları Patrisiya Sims və Maykl Klarka, habelə fillərin Tailanddakı reproduksiya fondunun başçısı Kimsə Kimsəyevə (adını-soyadını tapa bilmədim) məxsusdur. Çoxunuz bəlkə də canlı fil görməmisiniz, amma çoxunuz hind kinematoqrafının ən uğurlu işlərindən biri olan “Fillər mənim dostumdur” filminə baxmısınız. Odur ki, bu gün fillərə qayğı və ehtiram nümayiş etdirməyə dəyər.
12 avqust. İlk personal kompüter - IBM PC kömpüteri nümayişə çıxarılıb
Həmin tarix 1981-ci ilə təsadüf edir. Ən böyük İKT sıçrayışı, məişəti, şüuru dəyişən ən böyük mədəni inqilab. IBM 5150 modelli bu kompüterin vətəni isə ABŞ-ın Florida ştatıdır, kiçik Boka-Raton şəhəridir. İlk personal kompüteri amerikalı alimlər bir il üzərində işlədikdən sonra ərsəyə gətirmişdilər. Bir neçə konfiqurasiyada kompüter satışa çıxarılmışdı. Ən bahalı konfiqurasiya intel 8088 prosessorlu, 64 kbayt yaddaşlı versiya idi ki, onun da qiyməti 3005 Amerika dollarına bərabər idi. Artıq ilk ildə 130000 kompüter satılmışdı, satışın 99 faizi daxili bazarda reallaşmışdı. Sonradan bu yeni ixtira bütün dünyaya ayaq açmağa başladı. Bizim yaşadığımız sovetlər birliyinə personal kompüterlər xeyli gec gəlib çıxdı, təxminən 85-ci illərdə. Və təsəvvür edin ki, hazırda dünyada onların sayı milyardlarla ölçülür, hər il orta hesabla 150 milyon kompüter satılır.
12 avqust. Daha nələr...
Ən əhəmiyyətlisi – macar əsilli Amerika milyarderi, treyderi, maliyyəçisi, filantropu, dünyanı dəyişməyə qadir olan Corc Sorosun doğum günüdür, ağsaqqalın düz 91 yaşı tamam olur. Özü də hələ canı suludur, deyir, azı 100 il yaşamalıyam. Dünya üzrə humanitar aksiyalar keçirən, qarınları doyduran, xəstələrə əlac edən Sorosun əslinin macar olması onun bir köynək bizə yaxın olmasından xəbər vermirmi, verir. Axı macarlar hunların törəməsidirlər, hunlar isə göytürk əsillidirlər. Yəni, əcdadlarımız eynidir.
Yeri gəlmişkən, bu şəxs narıncı inqilablarla avtoritar rejimləri devirməklə dünya siyasətində də möhkəm qərarlaşıb, ona görə də onun adı gələndə məzlumlar sevinər, tiranlar həyəcanlanar.
Ədəbiyyatsevərlər deyəcək ki, bu günün ən əlamətdar hadisəsi 1824-cü ilin bu günündə Puşkinin Mixaylovskoye kəndinə sürgün edilməsidir. Ensiklopediya-vikipediyaçılar deyəcək, yox, siz nə danışırsınız, bu gün “Ginnesin rekordlar kitabı”nin yaradıcıları olan ekiz qardaşların – Norris və Rost Makuirterlərin doğum günüdür. Kinoşünaslar qeyzə gələcəklər ki, susun, bu gün iki “Oskar” qazanmış Sessil Qde Millin – Amerika kinorejissorunun doğum günüdür, o şəxsin ki, indi hamımız gecə-gündüz filmlərini izlədiyimiz “Paramaunt Pikçers” kinokompaniyasını yaradıb.
Bir vaxtlar dəbdə olan, tarixin inkişafı ilə arxiv statusuna keçən vinil plastinkalar günüdür bu gün həm də. Yaponiyada milli himn, Qırğızıstanda cinayət-axtarış, Gürcüstanda Didqoroba bayramı (bizim əksimizə olan bir bayramdır, gürcülər 1121-ci ildə Didqor döyüşündə səlcuq türklərini məğlub ediblər), Böyük Britaniyada Möhtəşəm Oniki günü (karallığın ərazisində quş ovlamağa icazə verilən gün), Hindistanda milli kitabxana günü və əlbəttə ki, ABŞ-da qızardılmış ət parçası günüdür.
Bir dəqiqə. Necə? Qonşum Seyidəhməddir. Dəllaldır. Deyir, ay qonşu, hər boş-boş şeyləri qeyd etdin, bu günə ən əsas olanı isə qeyd etmədin. Nədir o qeyd etmədiyim, ay Seyidəhməd? Deməzsənmiş, 1851-ci ilin bu günündə amerikalı İsaak Merrit Zinger qızıl tərkibli bıçaqlı “Zinger” paltartikən maşınına patent alıb. Bu həmin o “Zinger” maşınıdır ki, indi əntiq əşya sayılır, Seyidəhməd müəllim və onunkimilər şəhər-şəhər, kənd-kənd düşüb avam insanlardan onu ucuz qiymətə alır, sonra on qat-yüz qat qiymətinə beynəlxalq alverçilərə, hərrac işçilərinə satırlar.