Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının davam etdiyi bugünlərdə səhnəni bir-birindən istedadlı, peşəkar ifaçılar bölüşür. Bu konsert proqramlarını dinlədikcə bir daha Azərbaycan musiqi sənətinin böyüklüyünə, rəngarəngliyinə heyrətlənməyə bilmirsən. Festivalın növbəti günü təqdim olunan daha bir konsert proqramı da öz möhtəşəmliyi ilə iştirakçıların yaddaşında həkk olundu.
AzərTAC xəbər verir ki, festivalın ikinci günündə Cıdır düzündə qurulmuş səhnədə Azərbaycanın “Cəngi” Estrada Folklor Ansamblı, həmçinin xanəndə Qoçaq Əsgərovla, tarzən Arslan Növrəslinin etnocaz qrupu yer alıb. Əvvəlcə “Cəngi” Estrada Folklor Ansamblı geniş və maraqlı konsert proqramı ilə çıxış edib.
Ansambl tamaşaçılar üçün Cavanşir Quliyevin “Bura vətəndir”, Vasif Hüseynin “Hüzur”, Xalq mahnısı “Leyla”, Vaqif Mustafazadənin “Qafqaz”, Eduardo Di Capuonun “O sole mio”, Polad Bülbüloğlunun “Aman, aman ayrılıq”, Oktay Kazımovun “Dağlar” və Vaqif Gərayzadənin “Ya sənindir, ya mənim” mahnılarını yüksək peşəkarlıqla ifa edib.
Konsert proqramı xanəndə Qoçaq Əsgərovla, tarzən Arslan Növrəslinin etnocaz qrupunun çıxışları ilə davam edib.
Qrupun ifa etdiyi “Bayatı kürd” kompozisiyası, “Blues-Muğam”, “Şur” kompozisiyası və “Yallı” Azərbaycan musiqisinin dərin təsir gücünə malik olduğunu bir daha təsdiq edib.
Qeyd edək ki, 2006-cı ildə Birinci Muğam Milli Televiziya Müsabiqəsinin qaliblərindən olan Qoçaq Əsgərov 2013-cü ildə BBC-nin təşkil etdiyi “Promenade” gecə konsertində Azərbaycan muğamını ilk dəfə olaraq “Royal Albert Hall”da səsləndirib.
Çoxsaylı festivallar, müsabiqələr laureatı və qalibi olan Arslan Növrəsli tar alətində ilk dəfə olaraq harmonik caz standartlarını tətbiq etmiş ifaçıdır. Tarda muğam, klassik musiqi, caz ifa edərək ölkəmizdə və onun hüdudlarından kənarda dövlət tədbirlərində çıxışlar edir, çoxsaylı solo konsertlər verərək yüksək səviyyəli musiqi kollektivləri ilə birgə səhnə bölüşdürür.
Xatırladaq ki, mayın 4-dək davam edəcək V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından olan folklor qrupları doğma Şuşanı öz musiqi töhfələri ilə salamlayacaqlar.