Banzay, ikabana, xarakiri, karate… Gündoğan Yaponiyanın adı gələndə ilk olaraq bunlar yada düşür. Mədəniyyət aşiqləri isə rejissor Kurasavanı, yazıçı Murakamini xatırlayırlar. Bakıda yapon küləkləri əsəcək.
Yaponiyanın Azərbaycandakı səfirliyi bu gündoğan ölkə ilə maraqlanan hər kəsi , mayın 15-də keçiriləcək “Yaponiya mədəniyyət festivalı 2022” tədbirinə dəvət edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu, “Yaponiya-Azərbaycan Dostluq İli 2022” çərçivəsində ilk böyük və bütün ictimaiyyət üçün açıq tədbir olacaq. Tədbir yalnız bir gün - “Landmark Baku” otelində keçiriləcək.
Tədbirdə Yaponiya ilə bağlı rəqslər, mahnı ifaları, kospley çıxışları, bu ölkənin mədəniyyət nümunələri ilə bağlı stendlər, əl işləri nümayişi ediləcək.
Yaponiya mədəniyyəti ilə maraqlanan hər kəs iştirak edə bilər, tədbirin qapıları açıq olacaq.