Türkiyədə Azərbaycan mədəniyyətinin böyük təbliğatçısı Aygün Attarın “Dostluq” ordeninə layiq görülməsi hamını sevindirib

 

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attar mediaya açıqlamasında “Dostluq” ordeninə layiq görülməsi barədə belə söyləyib: “Azərbaycan Prezidentinin Sərəncamı ilə “Dostluq” ordeninə layiq görülməyimdən qürur duyuram. Bunu dünya azərbaycanlılarına göstərilmiş diqqət və qayğının daha bir təzahürü olaraq görürəm. Həmişə hesab etmişəm ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, qəhrəman şəhid və qazilərimizin qanı hesabına qazanılan Qarabağ Zəfəri hər birimizin həyatına nəsib olan ən ali mükafatdır”.

 

Otuz ildən çoxdur ki, Türkiyədə yaşadığını və orada Azərbaycanın tarixi və mədəniyyətinin təbliği istiqamətində yorulmadan fəaliyyət göstərdiyini söyləyən Aygün Attar elmi işləri, məqalələri, siyasi platformadakı çıxışları ilə hər zaman Vətəninə sonsuz bağlı olduğunu bildirib: “Demək olar ki, bütün fəaliyyətim Türkiyə və Azərbaycan münasibətlərinin inkişafına xidmət edir. Amma hər zaman bütün bu çalışmaların mərkəzində nüvə olaraq Qarabağ həqiqəti yer alıb. Mənin üçün “Qarabağ Azərbaycandır” həqiqətinin dünyanın elmi ictimaiyyətinə çatdırılması hər zaman mühüm məsələsi olub. Şükürlər olsun ki, çəkilən zəhmət hədər getmədi və torpaqlarımız düşmən tapdağından azad olundu və bizlər Şuşada Zəfər Qurultayında iştirak etdik. Orada Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı bütün diaspor fəalları üçün əsl yol xəritəsi oldu. Orada keçirdiyimiz görüşlər, dinlədiyimiz çıxışlar bizim məsuliyyətimizi daha da artırdı. İnanıram ki, bizlər bundan sonra da Azərbaycanı dünyada daha yaxşı təmsil edəcəyik”.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan professor Aygün Attar qardaşlıq ideologiyasının Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən çox uğurlu bir şəkildə davam etdirildiyini bildirib: “Bu gün söyləyə bilərəm ki, Türkiyə ilə Azərbaycan arasında münasibətləri ən yüksək səviyyədədir”.

Müəllifi olduğu “Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabı haqqında danışan Aygün Attar vurğulayıb ki, hadisələrin döyüş səhnələri ilə təsvir olunduğu əsər, münaqişənin yaranma səbəblərinin geosiyasi kontekstdə araşdırılması ilə yanaşı, Zəfərə aparan yolun gedişatını, qardaş Türkiyənin Azərbaycana böyük siyasi və mənəvi dəstəyini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi ilə rəşadətli Ordumuzun müharibədə qazandığı tarixi Qələbənin təfərrüatlarını xronoloji ardıcıllıqla əks etdirir.

Biz Aygün xanım Attarı səmimi qəlbdən təbrik edir, belə həmyerlimizin olması ilə qürur duyuruq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.