Anar Kərimovun Naxçıvana səfəri başa çatıb

 

Anar Kərimov Naxçıvan Muxtar Respubliksına davam edən səfəri çərçivəsində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə baş çəkib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, nazirə bildirilib ki, Kompleksdə yaradılmış arxeoloji-etnoqrafik sərgidə tarixi əşyalar xronoloji ardıcıllıqla nümayiş etdirilir. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis qab və alətlər, qəbirüstü abidələr, silahlar muzeyin eksponatları sırasındadır.

Ziyarət zamanı “Şərur” Xalq Yallı Ansamblının ifasında təqdim olunan “Köçəri” və “Tənzərə” yallıları alqışlarla qarşılanıb.

Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində olub. Qeyd olunub ki, gənc nəslə milli musiqi sənətinin öyrədilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Musiqi məktəblərində şagirdlərdən ibarət müxtəlif ansambllar, orkestrlər və başqa musiqi kollektivləri fəaliyyət göstərir. Yaradılan şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən müsabiqələrdə uğurla iştirak edir.

Səfər çərçivəsində qədim, orta əsrlər və yeni dövr tariximizi özündə əks etdirən nadir memarlıq abidələrindən biri olan Yusif Küseyir oğlu türbəsinə ziyarət zamanı türbənin yeraltı sərdabədən və yerüstü türbədən ibarət olduğu barədə məlumat verilib. Qeyd olunub ki, türbə ölkəmizin qülləvari türbələri içərisində üst piramida örtüyü olduğu kimi bu günə qədər qalan yeganə abidədir.

Daha sonra Naxçıvan Muxtar Respublikasının əsas mədəniyyət ocaqlarından biri olan Heydər Əliyev Sarayına ziyarət zamanı Anar Kərimov Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimovaya “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatı təqdim edib.

Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin növbəti baş çəkdiyi məkan Ordubad Cümə Məscidi olub. Anar Kərimova Ordubad şəhərindəki qədim Cümə məscidində aparılan bərpa işləri barədə məlumat verilib. Bildirlib ki, məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə əks etdirir. Muxtar respublikada dini-mədəni dəyərlərimizə qayğı ilə yanaşılır və bərpa zamanı milli memarlıq elementlərindən istifadə olunur.

Anar Kərimov səfər çərçivəsində 1982-ci ildə fəaliyyətə başlayan Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib. Muzey 1990-cı ilin may ayından etibarən XVII əsrə aid tarixi-memarlıq abidəsi olan “Qeysəriyyə” binasında fəaliyyətini davam etdirir. 2011-ci ildə muzeyin yerləşdiyi “Qeysəriyyə” binası əsaslı şəkildə bərpa olunub. 150 eksponatla fəaliyyətə başlayan Tarix-Diyarşünaslıq muzeyində hazırda 4 mindən artıq  eksponat mühafizə və nümayiş olunur. Muzeydə Ordubadın qədim tarixini, zəngin mədəniyyətini, özünəməxsus adət ənənələrini özündə əks etdirən və bu yurdun yetirdiyi tarixi şəxsiyyətlər barədə eksponatlar ziyarətçilərin böyük marağına səbəb olub.

Nazirliyin nümayəndə heyəti daha sonra Azərbaycan elminin görkəmli nümayəndələrindən biri, dünya şöhrətli kimyaçı alim Yusif Məmmədəliyevin həyat və fəaliyyətini əks etdirən ekponatların toplandığı Ev Muzeyini ziyarət edib. Bildirilib ki, ev muzeyi 1975-ci ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə, alimin qazandığı misilsiz elmi naliyyətlərinin uğuru nəticəsində Akademikin 75 illiyi münasibətilə Ordubadda yaradılmışdır. 

Ziyarət zamanı mədəniyyət nazirinin müavini, Yusuf Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva Akademikin uşaqlıq, tələbəlik illəri, həyat və yaradıcılığı, elmi araşdırmaları barədə məlumat verib.

Anar Kərimov məscidlərlə zənginliyi cəhətdən nəinki Naxçıvan bölgəsində, bütövlükdə Azərbaycanda əvvəlinci yerlərdən birini tutan Ordubad şəhərinin əsas məscidlərindən biri olan Sərşəhər məscidinə də baş çəkib. Həmçinin Naxçıvanın incilərindən sayılan XVII əsrdən yadigar qalan Sərşəhər çeşməsi və Xan Kəhrizi də ziyarət olunan məkanlar sırasında yer alıb.

Nazirin Naxçıvana rəsmi səfəri “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri olan Qarabağlar Türbə Kompleksinə ziyarəti ilə yekunlaşıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.