Bu gün Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş forum işini panel müzakirələrlə davam etdirib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, panel iclaslar “ICOMOS və Azərbaycanın dünya əhəmiyyətli maddi-mədəni irsi”, “Azərbaycanda abidələrin bərpası və konservasiyası təcrübələri” və “Fövqəladə hallar zamanı mədəni irsin qorunması” mövzularına həsr edilib.
Birinci panel iclasda Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının
Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
aparat rəhbəri Riad Qasımov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, ICOMOS-un vitse-prezidenti Zeynəb Gül Ünal, ICOMOS Türkiyə Milli Komitəsinin üzvü Banu Çelebioğlu çıxış ediblər.
Çıxışlarda ölkəmizin tarix-mədəniyyət abidələrinin beynəlxalq müstəvidə təbliğatı məsələsinə diqqət çəkilib. Bu istiqamətdə Azərbaycanla UNESCO arasında sıx əməkdaşlığın daha da inkişaf etdiyi vurğulanıb. Həmçinin İçərişəhərdə tarixi abidələrin qorunması, bərpa-konservasiyası təcrübəsindən danışılıb. Eləcə də mədəni irsin məruz qaldığı müxtəlif təbii təsirlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin qardaş Türkiyədə tarixi abidələrin qorunması, onların böhranlı vəziyyətlər zamanı idarə olunması təcrübəsindən danışılıb.