Azərbaycan ABŞ-ın Florida Dövlət Universitetində (FIU) keçirilən VII İllik Ümumdünya Sərgisində təmsil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildiriblər ki, universitetdə fəaliyyət göstərən Azərbaycan-Amerika Gənclər Təşkilatının təşəbbüsü ilə yaradılmış Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, həmçinin zəngin mədəniyyətini əks etdirən kitablar, xalçalar, suvenirlər, fotomateriallar və Azərbaycan brendləri nümayiş olunub.
Florida Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələr milli geyimlərdə sərgi iştirakçılarına multikultural dəyərlərə malik ölkəmiz barədə ətraflı məlumat veriblər.
Tədbirdə çıxış edən Azərbaycan-Amerika Gənclər Təşkilatının rəhbəri Aydın Eminov deyib ki, multikulturalizm dünyada ksenofobiya və irqçiliyi aradan qaldırmaq üçün hamımızın can atmalı olduğumuz dəyərdir. Vurğulayıb ki, Azərbaycanda bütün xalqlar mehribanlıq və dostluq şəraitində yaşayırlar. Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri çiyin-çiyinə vuruşaraq, torpaqlarımızın işğaldan azad olunmasında və ərazi bütövlüyümüzün bərpa edilməsində misilsiz qəhrəmanlıqlar göstəriblər.
Qeyd edək ki, sərgidə Yaponiya, Türkiyə, Pakistan, Hindistan, Venesuela, Keniya, Özbəkistan və digər ölkələr təmsil olunublar.