Əlcəzairin “Əl Hərir” portalı Azərbaycanın qədim mədəni irsi və turizm potensialı haqqında silsilə məqalələr yayımlayır.
AzərTAC-ın ərəb dilində materiallarına istinadla aşıq musiqisi barədə yayımlanan məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Yazıda, həmçinin bu qədim sənətin tarixindən, onun görkəmli nümayəndələrindən bəhs edilib.
Portalın “Azərbaycanın turizm potensialı” rubrikası altında növbəti məqaləsi isə Azərbaycanın Biləsuvar rayonuna həsr olunub. Bu yazıda ərəbdilli oxuculara rayonun yaranması tarixi, coğrafi mövqeyi, iqlimi, tarix-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilib.