“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı, Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə “Nizami dünyası” kompozisiyası təqdim olunub.
Tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində və Nizami irsinin təbliği məqsədilə baş tutub.
AzərTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
bildiriblər ki, kompozisiyada Nizami Gəncəvinin həyatı ilə yanaşı, onun “Xəmsə” poemasına daxil olan “Sirlər Xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “Yeddi Gözəl”, “İsgəndərnamə” əsərləri də səhnələşdirilib.
Tədbirin əsas məqsədi gənclər arasında dahi şairin yaradıcılığına xüsusi diqqət ayırmaqla təbliğatın aparılması və bu prosesdə onların birbaşa iştirakçılığını təşkil etməkdir.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.