“Muzeyi peşəkardan öyrənək” adlı layihəyə start verilir

 

Mədəniyyət Nazirliyi əsrlərlə yaşı olan muzey eksponatlarının nəsillərdən nəsillərə ötürülməsi üçün muzey işinin düzgün təşkili və eksponatların mühafizə qaydasına riayət edilməsi, həmçinin dünya muzeylərinin təcrübəsinin region muzeylərində tətbiq edilməsi ilə əlaqədar “Muzeyi peşəkardan öyrənək” adlı layihəyə start verir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin  əsas məqsədi məhz regionlardakı muzeylərin və onların əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmaqdır.

Muzeylər insanların ictimai-iqtisadi inkişafında əldə etdikləri, yaratdıqları maddi və mənəvi sərvətlərin toplandığı, qorunub mühafizə edildiyi, öyrənildiyi və gələcək nəsillərə çatdırıldığı mədəniyyət, elm-maarif müəssisələridir. Həmçinin, muzeylər hər bir fərdin, bütövlükdə cəmiyyətin dünyagörüşünün formalaşması və inkişafında, onların mədəni və mənəvi tərbiyəsində çox əhəmiyyətli işlər aparırlar. Hazırda ölkəmizdə muzey işinin dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, mədəni xidmət işinin keyfiyyətinin yüksəldilməsinə böyük imkanlar yaranmış və bu istiqamətdə çoxşaxəli işlər aparılır.

Regionlarda fəaliyyət göstərən muzeylərin daha da təkmilləşdirilməsi, muzey əməkdaşlarının bilik və bacarıqlarının artırılması böyük əhəmiyyət kəsb edir.

Layihə çərçivəsində region (Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş, Ağcabədi, Ağstafa, Bərdə, Biləsuvar, Xaçmaz, İsmayıllı, Kürdəmir, Masallı, Sabirabad, Şəki, Şəmkir) üzrə fəaliyyət göstərən muzey və Heydər Əliyev mərkəzlərinin əməkdaşlarına Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafizi Mira Məmmmədxanova, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və muzeyin fond işləri üzrə direktor müavini Aida Axundova kimi peşəkar mütəxəssislər tərəfindən 3 gün müddətində “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar-müzakirə keçiriləcəkdir.

Daha sonra iştirakçı muzeylər təlimçilər tərəfindən onlara təqdim edilmiş mövzu üzrə öz muzeylərində həyata keçirəcəkləri layihənin 1 həftə müddətində təqdimatını hazırlayacaq. Sonda hər region üzrə muzey və Heydər Əliyev mərkəzləri tərəfindən hazırlanmış təqdimatlara baxılacaq və qiymətləndiriləcəkdir. Təqdim edilən layihənin həyata keçirilməsi Mədəniyyət Nazirliyi tərəfindən məqsədəuyğun hesab olunduğu təqdirdə, layihənin reallaşdırılması üçün dəstək göstəriləcəkdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.