Bəs yeni vəziyyətdə biz nə qazana bilərik?
Bu qış enerji, xüsusilə qaz təchizatında böhranla üzləşən Avropa onu çoxdandır düşündürən mənbələrin şaxələndirilməsi məsələsini növbəti dəfə daha həyəcanla müzakirə etməyə başlayıb. İllah da ki, Rusiya-Ukrayna hərbi toqquşmaları fonunda yaranan risklərdən sonra. Bu kontekstdə Azərbaycan etibarlı tərəfdaş kimi nəzərdən keçirilir. Avropa İttifaqının nüfuzlu "EU Reporter" nəşri yeni geosiyasi vəziyyət fonunda yaranmış təhdidləri və Azərbaycanın potensialını şərh edib.
Yeni geosiyasi hadisələr fonunda enerji məsələsi yenidən aktuallıq qazanıb. Rusiya-Ukrayna hərbi toqquşmaları Avropada yalnız hərbi təhlükəsizlik baxımından yox, həm də enerji təchizatında ənənəvi mənbələrdən asılılıq baxımından narahatlıqla izlənilir. İndi "qoca qitə" mənbələrin və marşrutlarının şaxələndirilməsi məsələsini daha ciddi narahatlıqla müzakirə edir. Bu məzmunda isə Azərbaycan etibarlı tərəfdaş kimi nəzərdən keçirilir.
Avropa İttifaqının nüfuzlu "EU Reporter" nəşri bu il fevralın əvvəllərində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısına istinad edərək mövcud vəziyyət çərçivəsində Azərbaycanın potensialını və bu məsələyə Prezident İlham Əliyevin baxışını şərh edir.
Prezident İlham Əliyev: "Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir... Bizim Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik".
Bu qənaət Azərbaycanın yeni bazarlara çıxara və deməli, eyni zamanda Avropanın arzu etdiyi əlavə enerjinin bir hissəsini ödəyə bilər. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsonun çıxışında Avropanın bu marağı aydın ifadə olunurdu: "Fikrimizcə, Cənub Qaz Dəhlizi davamlı uğur hekayəsidir. Əlbəttə, bütün uğur hekayələri kimi, bu məsələ növbəti mərhələyə çıxır və biz baxmalıyıq ki, dəhliz öz ötürücülük qabiliyyətini artıra, yaxud hətta coğrafi baxımdan genişləndirə bilərmi?"
Bəli, Azərbaycan faktiki olaraq indi yalnız neft ixracatçısı yox, həm də qaz ixracatçısı kimi rolunu artırır. Təsadüfi deyil ki, 2022-ci ildə hasil olunacaq 45 milyard kubmetr qazın
* 8 milyarddan çoxu Türkiyə;
* 7 milyarddan çoxu İtaliya; qalan hissəsi isə
* Gürcüstan, Bolqarıstan, Yunanıstana olmaqla
təxminən 19 milyard kubmetri ixrac ediləcək.
Prezident İlham Əliyev: "Fiziki olaraq, yəni infrastruktur nöqteyi-nəzərindən biz qazımızı başqa ölkələrə də çatdıra bilərik, nəzərə alsaq ki, "Şahdəniz"in çox böyük potensialı var. Bunun, düzdür, təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur. Amma mən tam əminəm ki, daha çox olacaq, necə ki, Azəri-Çıraq-Günəşli. İlkin hesablamaları göstərirdi ki, 500 milyon tondur, amma bunun potensialı artıq 1 milyardı ötür".
Doğrudur, alternativ enerjiyə keçid üzərində işləyən Avropa Birliyində bu mənbələrin ümumi enerji istehlakında payı sürətlə artaraq 2020-ci ildə 22%-ə çatıb. Buna baxmayaraq, QRAFİKA Birliyə üzv olan 27 ölkə üzrə ortalama olaraq enerjidə idxaldan asılılıq göstəricisi 2000-ci ildəki 56% səviyyəsindən 2020-ci ildə 60%-ə yüksəlib. Bu, eləcə də hazırda müxtəlif risklər fonunda enerji qiymətlərindəki kəskin artım mənbələrin diversifikasiya məsələsini uzunmüddətli dövr üçün həll etmək prioriteti yaradıb.
Azərbaycan isə göründüyü kimi, mövcud potensialı ilə yeni bazarlara çıxmaq üçün köklənib. Gözlənilir ki, Abşeron, Ümid, Babək, Asiman kimi yataqların işlək vəziyyətə gəlməsi ilə hasilat daha da artacaq.
"EU Reporter" nəşri Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyinin Azərbaycan qazını "enerji tələbatının çox qiymətli hissəsi" kimi xarakterizə etməsini xatırladaraq ölkəmizin Avropa üçün strateji əhəmiyyətini bir daha diqqətə çatdırır.
Və bərpa olunan enerji potensialı
Dünyanın qabaqcıl və strateji düşünən ölkələri ənənəvi enerjinin tükənən olması və ətraf mühitə zərərlərini nəzərə alaraq bərpa olunan enerji potensialdan səmərəli istifadə üçün səylə işləyirlər. Alternativ enerji mənbələrinin inkişafına görə dünyada birinci sırada qərarlaşan
* Çin son 10 ildə bərpaolunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub;
* 2004-cü ildə Avropa İttifaqı ümumi enerji istehlakının 8,5 faizini bərpaolunan enerji mənbələrindən əldə edirdisə, 2019-cu ildə bu göstərici 19,7 faizə yüksəlib;
Proqnozlara gəlincə isə onlar daha ümidvericidir:
* Alternativ enerji mənbələrinin istehsalının 2025-ci ilədək 50 faiz artaraq qlobal elektrik istehsalının 33 faizini təşkil edəcəyi gözlənilir.
Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək.
Yeni çağırışlar qarşısında Azərbaycan da adekvat addımlar atır. Baxmayaraq ki, ölkəmiz karbohidrogen ehtiyatlarla zəngindir və onun istər istehsalı, istərsə də ixracı ilə bağlı ən müasir infrastruktura malikdir, ancaq bərpa olunan enerji sahəsində də ardıcıl addımlar atılır. Bunun nəticəsidir ki, ölkədə 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb.
Hədəf isə daha böyükdür. Onilliyin sonunda enerji balansında bərpaolunan enerjinin payı 30 faizə yüksəlməlidir. Təsadüfi deyil ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə yaşıl enerjinin inkişaf etdirilməsi başlıca prioritetlərdən biri kimi qeyd edilir.
Prezident İlham Əliyev: "2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq başlanğıc hissəsidir. Çünki bərpaolunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir. Biz uzun illər bu məsələnin həlli ilə bağlı çalışırıq və bu gün real nəticələr görürük".
Dövlət xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bu sahədə potensialından səmərəli istifadədə maraqlıdır. İlkin hesablamalara görə, Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsinə əsasən külək enerjisində təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur.
Bölgədə artıq 20 meqavat gücündə 4 su elektrik stansiyası istifadəyə verilib. Cari ildə daha 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır, ümumilikdə isə təkcə Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyası istismara veriləcək.
Bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması bu sahədə işlərin bütün ölkə üzrə ardıcıl aparıldığını təsdiq edir.
Əbu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi zamanı aparılan müzakirələr isə göstərir ki, Azərbaycan bu sahədə qabaqcıl təcrübəyə malik tərəfdaşları ilə işləməkdə maraqlıdır, tərəfdaşlar isə ölkəmizə investisiya yatırmaqda maraqlıdırlar. Bu isə yalnız kapital qoyuluşu deyil, yeni texnologiyaların ölkəmizə gəlməsi, yeni iş yerlərinin açılması, ümumilikdə siyasi-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi deməkdir.
Vüsal Məmmədov