İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və UNESCO-nun Baş direktoru Odri Azulay iki təşkilat arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
ICESCO-nun baş ofisindən AzərTAC-a bildiriblər ki, Mərakeşin paytaxtı Rabat şəhərinin 2022-ci ildə İslam Mədəniyyəti Paytaxtı elan edilməsi çərçivəsində keçirilən görüşdə iki təşkilat arasında 2019-cu ilin noyabrında imzalanmış sazişin müddəalarının yerinə yetirilməsi müzakirə olunub. Tərəflər gənclərin dünyada sülhün bərqərar olması üzrə təlimlərdə iştirakı, sivilizasiyalar arasında dialoq ilə bağlı birgə tədbirlərin təşkili, kosmik tədqiqatlar və süni intellekt sahələrində tədqiqatların aparılması, İslam irsinin qorunması və təbliği, iqlim dəyişikliyi və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sonda ICESCO-nun Baş direktoru Odri Azulaya təşkilatın bu yaxınlarda nəşr etdirdiyi “Sülh imkanlarının kəşf edilməsi” adlı kitabı hədiyyə edib.