İyulun 30-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib.
AzərTAC-ın verdiyi xəbərə görə, iclasda İctimai Şuranın əhəmiyyətindən danışılıb, görüləcək işlər barədə təkliflər dinlənilib.
İclası giriş sözü ilə açan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə şuraya keçirilən seçkilərin nəticələri barədə məlumat verib. Bildirib ki, seçkilərin ötən ilin sentyabrında keçirilməsi nəzərdə tutulsa da, Vətən müharibəsinin başlaması səbəbindən bu iş təxirə salınıb. Bu ilin iyul ayında seçkilərin birinci və ikinci turu keçirilib. Nəticədə 9 namizəd səsvermənin qalibi olub.
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib, QHT-lər dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran A.Kərimov yaradılan İctimai Şuranın bu sahədə görəcəyi işlərin əhəmiyyətindən danışıb.
Nazir İctimai Şuranın üzvlərinə nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərindəki fəaliyyətlərində uğurlar arzulayıb.
Mədəniyyət nazirliyində yeni islahatlar aparacağını deyən nazir bildirib ki, nazirlik keçmiş sovetlər birliyində olduğu kimi müəssisələrin idarə edilməsilə məşğul olmamalı, ümumilikdə bütün sahələrlə işləməlidir: “Biz beynəlxalq standartlara cavab verən bir idarəçilik qurmalıyıq. Burada şəffaflıq təmin olunmalı, dayanıqlı maliyyələşdirmə və iqtisadi modellər tətbiq edilməli, özəl sektor mədəniyyət sahəsinə cəlb olunmalıdır. Müəssisələr rəqabətli bir sistemə keçsələr dövlətin mədəniyyət strategiyasına töhfə vermiş olarlar”.
Sonra İctimai Şura üzvlərinin təklifləri dinlənilib.