Tolstoyun gündəlik tutmağa başlaması, Bethovenin səhnəyə ilk gəlişi

 

29 mart gününə hansı tarixi hadisələr düşür?

“Ədəbiyyat və incəsənət” portalı sizlərə günün ən əlamətdar hadisələrini təqdim edir.

1999-cu ilin 29 martını bu gün – Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə fonunda hamı təəssüflə xatırlamalıdır. Çünki həmin gün Rusiya prezidenti Boris Yeltsin Rusiyanın Təhlükəsizlik Şurasına heç kəsin tanımadığı Vladimir Putin adlı bir şəxsi sədr gətirdi, ilin sonunda da çox yorulduğunu bəyan edib onu öz yerinə prezident təyin elədi.

Sovet dönəmləri filmlərini xatırlayırsınızmı, onlardan biri – Vladimir Vısotskinin çəkildiyi “Görüş yerini dəyişmək olmaz” çox populyar idi. Odessa kinostudiyasının çəkdiyi həmin filmin premyerası 1979-cu ilin bu günündə baş tutmuşdu. 

Sovet xalqından gizlədilən gerçəklikləri 1933-cü ildə uelsli jurnalist Qaret Jons üzə çıxararaq dünyaya bəyan etmişdi. O, ukrainlərə qarşı həyata keçirilən dəhşətli qolodomordan, insanların aclıqdan qırılmasından bəhs etmişdi. 

1910-cu ilin bu günündə Marseldə tarixdə ilk dəfə səmaya hidroplan qaldırılıb, pilotu Albert Fabr olub. 

Kolasevərlər, məlumunuz olsun ki, bu gün sevimli içkinizin 136 yaşı tamam olur. 1886-cı ilin bu günündə Atlantada Con Pemberton hazırkı Coca Cola-ya “müalicəvi içki” adı altında patent alıb. 

1847-ci ilin bu günündən Lev Tolstoy gündəlik tutmağa başlayıb. 

1795-ci ildə isə dahi alman bəstəkarı Lüdviq van Bethoven Vyanada ilk konsertini verib.

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.