Ölkəmizdə səfərdə olan ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti İçərişəhəri ziyarət edib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilir ki, qurumun əməkdaşları qonaqları Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə yaxından tanış edib, onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat veriblər.
Bu barədə indiyədək səthi məlumatları olan qonaqlar tarixin bir parçasını heyranlıqla izləyiblər. Daha sonra ziyarətçilər ötən il açılışı olan Bakı Xan Sarayı Kompleksinin parkı ilə və Yeraltı hamamla tanış olublar. Qonaqlar, habelə, ərazidə aparılan konservasiya və bərpa işləri haqqında da məlumatlandırılıblar.
İçərişəhərə bu ekskursiya qonaqlarda zəngin təəssürat yaradıb.
Kevin Stitt “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına “bu gözəlliklə tanış olmağa şərait yaratdıqları üçün” nümayəndə heyəti adından minnətdarlıq bildirib.