China Daily” qəzetində Bakıdakı Miniatür Kitab Muzeyi haqqında məqalə yayımlanıb

Çinin nüfuzlu ingilisdilli “China Daily” qəzeti Bakıdakı Miniatür Kitab Muzeyi haqqında məqalə yayıb.

AzərTAC-ın təqdim etdiyi “Bakı Miniatür Kitab Muzeyi “Ginnesin rekordlar kitabı” tərəfindən dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi tanınıb” adlı məqalədə gözəl sahili, palçıq vulkanları, keçmişin və müasirliyin qovuşduğu Azərbaycan paytaxtının turizm baxımından üstünlüklərindən söz açılıb. Bakının turistlər üçün maraq kəsb edən yerlərindən biri kimi 2002-ci ildə kolleksiyaçı Zərifə Salahovanın İçərişəhərdə yaratdığı muzeyin kitab fonunda təxminən 7 min miniatür nəşr var.

Bildirilib ki, muzeydə Azərbaycanda və xaricdə müxtəlif dövrlərdə nəşr olunmuş dini və mədəni, habelə ölkələr və şəhərlər haqqında maraqlı miniatür və mikro kitablar sərgilənir.

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.

AzərTAC-ın “China Daily” qəzeti ilə informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar, xalqımızın mədəni irsi haqqında AzərTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.