Azərbaycanda “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” keçiriləcək Featured

 

May ayının 2–3-də Mədəniyyət Nazirliyinin dəstəyi və “Endorphin” reklam agentliyinin təşkilatçılığı ilə ilk dəfə Bakıda reklam, marketinq, brendinq və dizayn sahəsində fəaliyyət göstərən yaradıcı şəxsləri bir araya gətirəcək “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” keçiriləcək.

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, festivalın əsas məqsədi yaradıcı şəxsləri bir platformada birləşdirmək, istedadları tanıtmaq və onların beynəlxalq arenada tanınmasına şərait yaratmaqdır.

Tədbir çərçivəsində panel müzakirələr və interaktiv sessiyalar, tanınmış beynəlxalq spikerlərin təqdimatları, ustad dərsləri və seminarlar, “Baku Flames Mükafatlandırma Mərasimi” və s. təşkil olunacaq. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Yaradıcı Market”in məhsulları “Baku Flames” festivalı çərçivəsində ziyarətçilərin diqqətinə təqdim olunacaq.

Bu il ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan “Young Lions Azerbaijan” yaradıcılıq müsabiqəsi də “Baku Flames” festivalı çərçivəsində keçiriləcək. Növbəti “Young Lions” müsabiqəsində komandalar təqdim olunmuş xülasə əsasında “Film”, “Dizayn” və “Print” olmaqla üç kateqoriya üzrə mübarizə aparacaqlar.

“Print” kateqoriyası üzrə xülasə Pasha Malls, “Film” kateqoriyası üzrə xülasə Mədəniyyət Nazirliyinin “Yaradıcı Mərkəz” layihəsi və “Dizayn” kateqoriyası üzrə xülasə isə Code Academy tərəfindən komandalara təqdim olunmuşdur. Təqdim olunan işlər beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. Qaliblər iyunun 16-dan 20-dək Fransanın Kann şəhərində keçiriləcək dünyanın ən nüfuzlu reklam festivalı olan “Cannes Lions”da iştirak hüququ əldə edəcəklər.

Təxminən 1500 iştirakçının qatılacağı “Baku Flames” festivalı yaradıcı şəxslər, agentliklər və gənc istedadlar üçün ideya mübadiləsi və əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

Qeyd edirik ki, bu festival Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq həyata keçirilir.

Ətraflı məlumatı bu linkdən - www.bakuflames.az əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.