Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış media nümayəndəsi, Əməkdar jurnalist Elnarə Dərziyevaya yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.
“Ədəbiyyat və incəsənət” portralı xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Elnarə xanım,
Sizi – zəhmətkeş qələmi, aydın düşüncəsi və ictimai məsuliyyəti ilə seçilən tanınmış media nümayəndəsini, Əməkdar jurnalist olaraq mətbuatımızın dəyərli simasını, yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Sizin jurnalistikadakı fəaliyyətiniz yalnız xəbər daşıyıcılığı ilə məhdudlaşmır, həm də cəmiyyətin düşüncə dünyasına təsir edən maarifçi, obyektiv və prinsipial söz sahibinin mövqeyini əks etdirir. İllərdir ki, Azərbaycan mediasında dürüstlüyünüz, məsuliyyətli yanaşmanız və etik dəyərlərə sadiqliyinizlə seçilir, həm peşəkar həmkarlarınız, həm də geniş oxucu auditoriyası tərəfindən hörmətlə qarşılanırsınız.
Yubileyiniz münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzu edirik! Hər yeni yaşınız ömrünüzə işıq, sözünüzə güc, qələminizə nur gətirsin!
Uğurlarınız bol, yolunuz açıq olsun”!
“Ədəbiyyat və incəsənət”
(14.04.2025)