Memar, xəttat, naşir, şair Azad Fərəcov - bu gün onun doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azad Fərəcov (Yaşar) 10 aprel 1961-ci ildə Bakıda anadan olub. Əli Bayramlı şəhərində böyüyüb, orada orta təhsilini başa vurub. Ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində alıb. Əli Bayramlı şəhərində baş memar, baş rəssam və zavodda dizayn qrupunun rəhbəri vəzifələrində işləyıb.

 

Rusiyada fəaliyyət göstərən türk inşaat firmasında memar və müdir yardımçısı vəzifələrində çalışıb. "Space" telekanalında yayınlanan "Gecə kanalı" proqramının bədii redaktoru, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbu orqanı "PENSİYAÇI" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial həyat" jurnalında məsul katib kimi fəaliyyət göstərmişdir.

1976-cı ildən bədii yaradıcılıqla və tərcümə işi ilə məşğul olur. "Gözlərimin günahı" adlı ilk mətbu şeiri 1980-ci ildə sonralar müasir dövr Azərbaycan demokratik mətbuatının banisi olacaq görkəmli ziyalı Nəcəf Nəcəfovun tövsiyəsi ilə "İnşaatçı" qəzetində çap olunub.

Onun tərcüməçilik fəaliyyəti də var. Dünya ədəbiyyatını təmsil edən 800-ə yaxın yazarın ən müxtəlif janrlardakı əsərlərini uğurla dilimizə çevirmişdir. Bunların təxminən yarısı ilə Azərbaycan oxucusu ilk dəfə tanış olub.

 2001-ci ildən fəaliyyətə başlayan, ədəbiyyatımızda köklü dəyişikliklərə nail olan və ölkədə kitaba, bədii qiraətə marağın təkrar canlanmasında önəmli rol oynayan Azad Yazarlar Ocağının (AYO) və onun mətbu orqanı "Alatoran" dərgisinin təsisçilərindəndir. 10 dilə (ingilis, alman, rus, türk, ukrain, gürcü, bolqar, özbək, qırğız və rumın) çevrilən şeirləri Moskvada, İstanbulda, Kiyevdə, Tbilisidə və Bişkekdə çıxan aparıcı ədəbi-bədii jurnallarda işıq üzü görmüşdür.

Şeir, esse, müsahibə və tərcümələri bir çox qəzet, jurnal, antologiya və ədəbi saytların oxucularına təqdim edilib. 2014-cü ilin sentyabrında Türkiyənin Tokat şəhərində keçirilən Beynəlxalq Şeir Şölənində Azərbaycanı uğurla təmsil edib. Yazıb-çevirdiyi 10-dan çox kitabı öz vəsaiti ilə çap etdirməklə, naşirlik fəaliyyəti ilə də tanınır. Təsis etdiyi "TURKUAZ yayınları"nın ilk kitabı 2023-cü ildə işıq üzü görüb.

2021-ci ildən Azərbaycanda yeganə ədəbi qurum olan Yazıçılar Birliyinin üzvüdür. AYB-nin 2022-ci ilin oktyabrında keçirilən XIII qurultayında Birliyin İdarə Heyətinin üzvü və "Azərbaycan" jurnalının redaksiya heyətinə üzv seçilib.

Əli Bayramlıda (indiki Şirvan) onun layihələri əsasında şəhərin Bakı və Salyan səmtdəki giriş-çıxış meydan-kompleksləri və bir neçə inzibati bina tikilib. 1980-ci illərin sonlarında o, adıçəkilən şəhərdəki 2 məscidin layihəsini hazırlayıb, onların tikintisində yaxından iştirak edib. Bir neçə il memar kimi çalışdığı Əli Bayramlı Xətti-İstismar İdarəsi onun iştirakıyla layihələndirilən ikisəviyyəli yol qovşaqlarının, şəhər və rayonlarda giriş meydanlarının, yolüstü kiçik memarlıq obyektlərinin tikintisini gerçəkləşdirib.

Dizayn sahəsində də fəaliyyətini davam etdirir. Ötən on ildə imza atdığı bir sıra loqo, loqotip, kitab qrafikası nümunələri və dizayn əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanıb. Bunlara nümunə kimi Şirvan şəhərində çıxan "İşıq" qəzetinin, Mədəniyyət Nazirliyinin mətbu orqanı "Kino+" qəzetinin, Azad Yazarlar Ocağının (AYO) və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) loqolarını göstərmək olar. Tələbəlik illərində yaratdığı karikaturalardan bəzilərini "İnşaatçı" qəzetinin səhifələrində dərc etdirib.

Orijinal kalliqrafiya (xəttatlıq) kompozisiyaları ilə Azərbaycanda keçirilən üç böyük sərgiyə qatılıbdır. "Allahu-əkbər" adlı kufi xətli orijinal kompozisiyası uşaqlar üçün "Azərbaycan incəsənəti" ensiklopediyasının (2011) "Xəttatlıq" bölümündə oxuculara təqdim olunub.

 

Əsərləri 

- Hamı və Heç kim (şeirlər və rəsmlər)

- Postmodern rus ədəbiyyatı (tərcümə antologiyası)

- Mövlanə Cəlaləddin Rumi Məsnəvidən seçmələr. I nəşr

- Çin mədəniyyəti

- Əhməd Həmdi Paşa. Missioner

- YAHU. Sufizm, Dao, Dzen hekayətləri

- Gi de Mopassan. Seçilmiş əsərləri

- Elias Kanetti. Korlaşma (roman)

- Azad Yaşar "Bu da keçər" (İrfan hikmətləri) və s.

 

Allah xeyirli ömür nəsib etsin, Amin!

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.