O, Azərbaycandan kənarda da öz psixoloji və siyasi detektivləri ilə maraqla oxunur – ÇİNGİZ ABDULLAYEVİN DOĞUM GÜNÜDÜR Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün nasir, publisist, Azərbaycan xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür. Təbii ki, o, çağdaş Azərbaycanın ən titullu, məşhur yazıçılarından biridir, ən əsası, sərhəddən o yanda da onun kitablarını kitab mağazalarından alıb oxumaq mümkündür.

 

Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır. Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur. Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan SSR Yazıçılar İttifaqının katibi seçilmişdir.

Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Polşanın Krakov Universitetinin fəxri professorudur. H. Z. Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri  və Azərbaycan Yazıçılar Birliyinin katibidir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur. Azərbaycan PEN klubunun vitse-prezidentidir.

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində danışa bilir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış,  milyonlarla nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 200-dən çox kitabın müəllifidir.

Xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya, Bolqarıstan, Danimarka, Polşada səfərdə olmuşdur. 2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.

Çingiz Abdullayev yeganə azərbaycanlı yazıçıdır ki, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazır. Ədəbi fəaliyyətə bir neçə lirik hekayə ilə, o cümlədən "Vals" və "Bir tikə çörək" ilə başlamışdır. Yazıçının ilk böyük əsəri — "Mavi mələklər" romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya — "Əclafların qanunu", "Əclafların əqidəsi" və "Əclafların vicdanı" nəşr olundu. Çingiz Abdullayevin ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazılıb.

 

Xaricdə nəşr olunmuş kitabları:

 

- İsveçin "Tresselit" ("Tresselit") nəşriyyatı -  "Qaranlıq simfoniyası" romanı

- Rumıniyada "Paidea" nəşriyyatı -  "Günəş altında qaranlıq" və 5000 nüsxə tirajla"Dronqo"romanı

- Estoniya – “Mənim gözəl alibim”, “Kabuslar tuneli”, “Demək olar ki, inanılmaz qətl”, Öz dünyanı yarat” əsərləri 

- Fransanın "L’Aube" ("L’aube"; "Sübh") nəşriyyatı -  "İdeal hədəf", "Bütlərin yükü" və "Öldürməyə öyrədilmiş" romanları

- Latviyanın "Juvetas" nəşriyyatı - "Bütlərin yükü", "Tənha ürəklərin evi", "Tərsinə çevrilmiş reallıq", "Qurban sindromu", "Alliqator xətti", "Həvəskarların arzusu"

- Bosniya və Herseqovina - "Avropanın ələhidarları" romanı

- Bolqarıstan - "Herodun kölgəsi", "Adında şər" və "Adında xəyanət" romanları

- Serbiya –“İngilis Bulvarı”

- Polşa - Transilvaniyaya Səyahət”

- Albaniya – “Oliqarxın Varisi”

- Ukrayna – “Əfsanə hüququ”

 

Təltifləri

 

1. Azərbaycan Respublikasının Xalq Yazıçısı fəxri adı;

2. "Qırmızı əmək bayrağı" ordeni;

3. "Şöhrət" ordeni;

4. Xarici İşlər Nazirliyinin medalı (Azərbaycan);

5. Yusif Məmədəliyev adına qızıl medal (Azərbaycan);

6. Belarus Yazıçılar İttifaqının medalı

7. "Şərəf" ordeni

8. "Dostluq" ordeni (Rusiya) 

9. "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı

10. "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

 

Fürsətdən istifadə edib “Ədəbiyyat və incəsənət” ailəsi adından sevimli yazıçımızı doğum günü münasibətilə təbrik edir, ona sağlamlıq, uzun ömür, yeni-yeni əsərlər  və Nobel mükafatı arzu edirik.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.