Topxana meşəsi - ekoloji soyqırımıdan dirçəlişə Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

 

Topxananın adı tarixi hadisə ilə bağlıdır. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirəyə aldığı zaman topları bu ərazidə yerləşdirmişdi. Bu səbəbdən də həmin ərazi “Topxana”, meşə isə “Topxana meşəsi” adlanır.

 

Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı toprpaqların 20 faizini əhatə edən meşədə palıd, fısdıq, qarağac kimi ağaclar vardı. Subalp və alp çəmənləri göz oxşayardı, dərin dərələrdə bulaqlar qaynayardı. Topxana əsl təbiət möcüzəsi idi. Ayı, canavar, tülkü, dovşan, cüyür və digər heyvanlar, kəklik, turac, göyərçin kimi gözəl quşlar Topxananın qoynuna sığınmışdılar. 

Şükürlər olsun ki, artıq Topxana meşəsi yenidən dirçəlir…  

37 il öncə hər şey məhz burada başlamışdı. Ermənistanın Azərbaycana qarşı ilk açıq hərbi və ekoloji təcavüzü 1988-ci ilin noyabrında Şuşada yerləşən Topxana meşəsinin yandırılması ilə gerçəkləşmişdi.  

 

Bu hadisə təkcə bir meşənin taleyi deyildi – bu, Azərbaycanın ərazi bütövlüyünə, təbiətinə və tarixinə qarşı törədilmiş cinayətin başlanğıcı idi. 15 noyabr 1988-ci ildə ermənilər ekoloji soyqırımı həyata keçirərək nadir ağaclarla zəngin bu əzəmətli meşəni yandırdılar, palıd, çinar, vələs ağaclarını məhv etdilər. Bunun ardınca isə Azərbaycan torpaqlarına qarşı daha böyük qəsdlərin baş verəcəyi məlum oldu.  

Lakin xalq bu vəhşiliyə səssiz qalmadı. 17 noyabr 1988-ci ildə Topxana meşəsinin məhv edilməsinə etiraz olaraq Azərbaycan xalqı Bakının Azadlıq meydanında bir araya gəldi. Bu mitinq təkcə bir ekoloji fəlakətə deyil, eyni zamanda erməni vandalizminə və sovet hakimiyyətinin biganəliyinə etiraz səsi idi. Həmin gün tariximizə Milli Dirçəliş Günü kimi yazıldı.  

İllərlə düşmən işğalı altında qalan Şuşa, nəhayət, 2020-ci ilin Vətən müharibəsində azad edildi. Və bu gün Azərbaycan dövləti həmin əfsanəvi Topxana meşəsini bərpa etməyə başlayıb. Təbiətin öz qanunauyğunluğu var – o, zamanla yenidən canlanır. Dövlətimizin gördüyü ekoloji layihələr isə bu prosesə sürət qazandırır.   

Topxana meşəsi təkcə coğrafi məkan yox, bir xatirələr silsiləsidir. Bu meşənin adını eşidəndə çoxlarının zehnində Şuşanın kəklikotu qoxulu havası, Cıdır düzünün ucsuz-bucaqsız mənzərəsi, Xəznə qayasının sirli görüntüsü canlanır. Şuşanın dolama yolları, Ağdamdan gələn səfərlər, bir vaxtlar çəkilən şəkillər – bütün bunlar bir şəhərlə və  onun ətrafındakı təbiətlə də bağlıdır.  

 

Bu gün biz Topxananı qoruyuruq, ona yeni həyat veririk. Şuşa yenidən doğulur, Topxana yenidən yaşıllaşır və biz əminik ki, bu müqəddəs torpaqlar həmişəlik Azərbaycan təbiətinin və mədəniyyətinin incisi olaraq qalacaq.  

Və şübhəsiz ki, Topxana meşəsi və Şuşa artıq xatirələr yox, həyatımızın canlı bir parçası olaraq yenidən bizimdir.

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.