Bu gün Bakıda “FantazEU” adlı mədəni irs festivalı başlayacaq

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Bakıda “FantazEU” adlı mədəni irs festivalı keçirəcək. Festivalın açılışı bu gün olacaq, son gün isə martın 18-i olacaq.

“FantazEU” Mədəni İrs Festivalı Avropa və Azərbaycan mədəni irsi arasında əlaqəni nümayiş etdirmək, Azərbaycanda Avropa mədəni irsinə xüsusi diqqət yetirməklə, Avropa mədəni müxtəlifliyini təşviq etmək məqsədi daşıyır.

“FantazEU” Festivalı Avropa İttifaqına üzv dövlətlərin tərəfdaşlığı, Almaniyanın, Belçikanın, Bolqarıstanın, Çexiyanın, Fransanın, İsveçin, Latviyanın, Litvanın, Macarıstanın, Polşanın, Slovakiyanın və Yunanıstanın iştirakı ilə təşkil olunacaq. 

Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko fesivalla bağlı keçirilən tədbir zamanı mədəniyyətin inam və qarşılıqlı anlaşma yaratmağa kömək etdiyini bildirib.. O deyib: “Mədəni müxtəliflik həm də innovasiya və yeni düşüncə tərzini inkişaf etdirir. Məhz mədəni müxtəliflik sayəsində Avropa əsrlər boyu dəyişən dünyaya uyğunlaşa bilib. Təsadüfi deyil ki, Aİ və onun üzv dövlətləri mədəni müxtəlifliyi dəstəkləmək və qorumaq öhdəliyinə sadiqdirlər. “FantazEU” Festivalı Azərbaycan vətəndaşlarına yaradıcılıq və mədəni müxtəliflik nümayiş etdirmək üçün mühüm imkan yaradacaq. Bu, həmçinin Aİ ilə Azərbaycan arasında güclü tərəfdaşlığın daha da inkişafına töhfə verəcək”. 

Qeyd edək ki, “FantazEU” Festivalının tam proqramı ilə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin internet səhifəsindən (https://eeas.europa.eu/delegations/azerbaijan_en) tanış olmaq olar. Festival çərçivəsində, bir sıra qapalı və açıq havada fotosərgilər, konsertlər, ədəbiyyat gecələri, seminarlar, film nümayişləri və bələdçi turlar təşkil olunacaq.

Festival Bakının müxtəlif mədəni və təhsil məkanlarında, o cümlədən Beynəlxalq Muğam Mərkəzi, ADA Universiteti, “Nizami” kinoteatrı, Bakı Kitab Mərkəzi, “Art Tower” Qalereyası, “The Landmark” mehmanxanası və Biznes Mərkəzində baş tutacaq.

“Arts Council of Azerbaijan” Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən müqavilə əsasında festivala təşkilati dəstək göstərir. 

“FantazEU” Festivalı 2018-ci ildən Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilən “Fantazia” Mədəni İrs Festivalının davamıdır. Festival öz adını XIX əsrin sonlarında Bakıda tikilmiş, Avropa və yerli memarlıq elementlərini bir araya gətirən “Fantazia” hamamından alıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.