İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün şair Adil Qasımlının doğum günüdür.
O yer ki, dağları qranitləşib
Köksündə nizələr, oxlar kütləşib,
Qədim qalalardan zireh geyibdi…
Bütün ötkəmliyi, sərtliyi ilə
Vüqarı, dözümü, mərdliyi ilə
Məni göz açandan sehrləyibdi.
Köklənib dumduru məhəbbət üstə
Qəlbimin telləri çalınıb sim-sim.
Gah pay-piyada, gah da at üstə
Gəzdiyim torpaqdı ilk müəllimim.
Adil Qasımlı 12 mart 1938-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhəri 2№-li orta məktəbi bitirib, Azərbaycan Pedoqoji İnstitutuna daxil olmuş, təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinin ilk illərində Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Naxçıvan pedaqoji məktəbində və Naxçıvan Pedaqoji İnstitutunda müəllim işləmişdir.
Sonra jurnalistlik fəaliyyətinə keçərək Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müvafiq ardıcıllıqla redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdır. Əsərləri və ərsəyə gətirdiyi televiziya verilişləri ilə milli ideyaların yayılmasına xidmət etməklə bərabər, müstəqillik uğrunda başlayan Azərbaycan Milli-Azadlıq Hərəkatında (1988–1991) aktiv mübarizə aparmışdır.
Gənclik dövrü sənət adamları üçün böyük sıçrayış və inkişaf dövrü kimi səciyyələnən ötən əsrin 60-cı illərinə təsadüf edən, yeni ruhlu şeirləri ilə görkəmli qələm ustalarının diqqətini özünə çəkən, ustad şair Adil Qasımlı müasir poeziyamızda əsərlərinin bədii-fəlsəfi yükü və özünün orijinal deyim tərzi ilə seçilib.
Azərbaycan radiosunda səhnələşdirilən "Cəsarət", "Yaşıl obanın nağılları" poemaları dinləyicilərə təqdim edilmiş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında oynanılan "Aylı gecənin qaranlığında" ikihissəli pyesi tamaşaya qoyulmuşdur. Naxçıvan Dövlət Televiziyasında müəllifi və aparıçısı olduğu "İncilər, qöncələr", "Karvan", "Əlvan fikirlər" kimi uzunömürlü həftəlik televiziya verlişləri cəmiyyətdə milli ruhun qorunub saxlanılmasına və inkişafına xidmət etmişdir.
Kitabları:
1. Pıçıltılar
2. Biz görüşəndə
3. Dağlar, Qalalar, Babalar
4. Qaranquş ömrü
5. Sənə dönərəm
6. Salam sevgi
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)