Qadın—Həyatın sütunu, cəmiyyətin bünövrəsi - ESSE Featured

 

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bütün günəşdən əvvəl oyanıb küçələri təmizləyən, məktəbə şagirdlərinin, xəstəxanaya pasiyentlərinin yanına tələsən, özü yarım stəkan çay içmədiyi halda övladları üçün süfrə quran qadın... Yeri gəldikdə pilot, sürücü, aşpaz, təmizlik işçisi, memar, məmur kimi işində peşəkar, lazım olduqda isə ana, bacı, övlad kimi şəfqətli, bəzən inadkar və qətiyyətli, bəzən isə kövrək və yumşaqqəlbli qadın...

 

Müasir sivilizasiyanın təməl sütunlarından biri olan, daim yeniliyə, zəhmətə can atan, təhsilə, mədəniyyətə önəm verən, insanlara din, dil, irq fərqi qoymadan eyni sevgi və qayğıkeşliklə yanaşan, ailəsinə dayağ, övladına örnək olan qadın...

8 Mart—Beynəlxalq Qadınlar Günü, məhz bu fədakar, güclü və mübariz qadınların günü kimi tarixə həkk olunub. Bu gün təkcə gül almaq və ya xoş sözlər demək üçün deyil, qadın haqlarının tanınması, onların cəmiyyətdə layiqli yer tutması uğrunda mübarizəni yada salmaq üçündür.

 

8 Martın Tarixi

 

1857-ci ilin 8 martında Nyu-Yorkda tekstil fabrikində çalışan qadınlar ağır iş şəraitinə və aşağı maaşlara etiraz olaraq küçələrə axışdılar. Onların səsi susduruldu, bəziləri həbs edildi, bəziləri isə həyatını itirdi. Ancaq bu etiraz dalğası dayanmadı—qadınlar illərlə bərabər əmək haqqı, daha yaxşı iş şəraiti və səsvermə hüququ uğrunda mübarizəyə davam etdilər. 1910-cu ildə Kopenhagendə keçirilən Beynəlxalq Sosialist Qadınlar Konfransında Klara Setkin 8 Martı Beynəlxalq Qadınlar Günü kimi qeyd etməyi təklif etdi. 1977-ci ildə isə BMT bu günü rəsmi olaraq tanıdı.

Lakin bu qədər illər keçməsinə baxmayaraq, bu gün də dünyanın bir çox yerində qadınlar bərabər hüquqlar uğrunda mübarizə aparmaq məcburiyyətində qalırlar. Təhsil almaq, işləmək, azad olmaq kimi fundamental insan hüquqları bəzi cəmiyyətlərdə hələ də qadınlara çox görülür.

 

Qadın—Zəif Deyil, Zərifdir

 

Qadın Allahın yer üzünə bəxş etdiyi ən gözəl lütfdür. Adına hədislər deyilmiş, şeirlər, nəğmələr həsr olunmuş ən ali varlıqdır. Qadın—anadır, bacıdır, həyat yoldaşıdır, cəmiyyətin qurucusudur. O, ailənin təməlini atan, evi yuva edən, varlığın simgəsidir.

 

Ancaq təəssüf ki, bəzi yerlərdə qadın yalnız bu rollarla məhdudlaşdırılır. “Qadın oxumaz”, “Qadın işləməz”, “Qadın sürücü, idmançı, rəssam ola bilməz”, “Qadının tək vəzifəsi nəsil artırmaqdır” kimi şablon fikirlər hələ də mövcuddur. Amma tarix bizə sübut edib ki, qadın özünü istənilən sahədə təsdiq edə bilər—əgər qarşısına maneələr qoyulmazsa.

Ən acısı isə odur ki, bəzi kişilər “qorumaq” adı altında qadınları azadlıqlarından məhrum edirlər. “Mən öz qadınımı qoruyuram” deyənlərdən soruşmaq lazımdır: qadınları kimdən, nədən qoruyursunuz? O murdar niyyətlərdən doğan zorakılıqlardan, təcavüzlərdən, istismardanmı? “Sevgi” adı altında sahiblik etmək, azadlığını əlindən almaq həqiqətən də sevgidirmi? “Qadın işləməz” deyənlər, sabah öz ailələri üçün qadın həkim, müəllim, vəkil axtaranda nə düşünürlər? Qadının təhsil almağını, işləməyini əxlaqsızlıq sayanlar, bəs həmin peşə sahibi bir qadının onlara kömək etdiyini görəndə nə hiss edirlər?

 

Zorakılığa Səssiz Qalmayaq

 

Günümüzdə qadınlar hələ də psixoloji, fiziki, iqtisadi və cinsi zorakılığa məruz qalırlar. Küçədə yüksək səslə gülmək, bir qarış qısa ətək geyinmək “günah”, amma qadının “şiddətlə sevilməsi”, təcavüzə məruz qalması və bunun ört-basdır edilməsi cəmiyyət üçün normal hal sayılır. “Qızın gözü başı qaynamasa söz atmazlar” kimi ifadələr hələ də işlədilir. Bu düşüncə tərzi nə qədər davam edəcək? Qadınlar nə vaxta qədər qorxu içində yaşayacaqlar? Emine Bulutlar nə vaxta qədər övladlarının gözü önündə öldürüləcək?

Bu sualların cavabı bizim əlimizdədir. Əgər həqiqətən cəmiyyətin dəyişməsini istəyiriksə, əvvəlcə düşüncə tərzimizi dəyişməliyik. Qadınları qorumağın ən yaxşı yolu onları azad buraxmaqdır. Seçim azadlığı vermək, onların yanında olmaq, onlara hörmət etməkdir. Qadını zəif yox, zərif görməkdir.

 

Qadınlara Hər Gün Bayramdır

 

Bütün qadınlara ilin yalnız bir günü deyil, hər günü özəl və dəyərli olmalıdır. Bütün şablonları qıra bilən, özünü sevməyi və sevdirməyi bacaran qadınlara sevgi, hörmət və azadlıq arzulayıram. Anamın və nənələrimin simasında bütün qadınları təbrik edirəm—yaxşı ki, varsınız!

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.