Varis, “Ədəbiyyat və incəsənət” üçün
Bir müddət əvvəl filosof deyə çağırılan Əlisa Nicat əli xalqının qanına bulaşmış Mir Cəfər Bağırovu Azərbaycan xalqının ən görkəmli nümayəndəsi adlandıraraq mədhiyyələrlə ucaltdı. İndi də Ədalət Abdinov adlı hansısa Azərbaycan Sosialist Hərəkatının sədri sosial mediada SSRİ dönəmində xalqlar həbsxanasının əsas cəlladı olmuş İosif Stalinə uzun-uzadı bir mədhiyyə yazıb. Bu o yana, onu sevməyənləri də topa-tüfəngə tutub.
Sosial media axmaqlar üçün ağıllılara ağıl öyrətmək, bisavadlara savadlılardan səhv tutmaq, pozğunlara isə əxlaqlılara rişğənd eləmək meydanı verdi. Hamı da bunlara “məndən ötsün, qonşuma dəysin” deyib göz yummaqdadır. Hətta eldən arlanıb belələrini “like” da edirik. Amma kimlərsə dövlətçiliyə, xalqa qənim kəsilirsə, barı onlara qarşı susqun olmamalıyıq.
Qayıdaq yoldaş Abdinovla bağlı fakta.
“Stalin keçmişdə qalmayıb, Stalin postsovet məkanındakı xalqların qəlbində və şüurunda yaşayır. Onun keçmiş İttifaq respublikaları əhalisi arasında reytinqi həmin ölkələrin indiki prezidentlərinin reytinqindən yüksəkdir. Üstəlik, Stalinin populyarlığı gənclər arasında da fəal şəkildə artır”. Belə yazır yoldaş Abdinov.
Yaxşı, deyək ki fikir, əqidə plüralizmi var, insan siyasi yönüm seçməkdə azaddır, qoy danışsın.
Amma o, on minlərlə işıqlı azərbaycanlını qırmızı terrora məruz qoyan diktatora haqq qazandırmaq üçün repressiya olunanlara ehtiram edən xalqımıza görün bir necə həaqarət yağdırır:
“Azərbaycana gəldikdə isə, son 30 ildə zühur etmiş bədnam millətçilər Stalinin repressiyalarından bəlağətlə zəvzəkləyirlər.”
Mən hüquqi müstəvini bir kənara qoyuram. Bu şəxsə ən azı ictimai qınaq tətbiq etmək lazımdır.
Biz qırmızı xəttdən geri çəkildikcə kimlərsə daha abırsızcasına irəli şığıyırlar!
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)