İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Elman yaxşı dost, yaxşı yoldaş idi. Çox vaxt onunla birlikdə gedirdik döyüşə. Allah ona rəhmət eləsin, Vəzir də, o da müharibə adamları idilər.
Bəli, insan var ki, gəlir, yaşayır və dünyanı tərk edir. Özündən sonra bir iz buraxmır. İnsan da var, Elman kimi mənalı ömür yaşayır, onu tanıyanların xatirələrindən silinmir, əbədiyyət qazanır.
Nizami Heydərov
Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulmuşdur. 1958–1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olmuş, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurmuşdur. 1973–1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət etmişdir.
1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir.
Döyüşlərdə iki dəfə yaralanmışdır. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib. Tərtər rayonunda və Bakı şəhərində adına küçə var.
Təltifləri:
Azərbaycanın Milli Qəhrəmanı
"Qızıl Ulduz" medalı (ölümündən sonra)
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)