Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mən öz qardaşıma mehman gələndə
Bir qələm, bir dəftər, bir can gətirdim
Dağların döşünü toplar dələndə
Bir ləkə düşməyən vicdan gətirdim.
Mən onu günəşdən təmiz saxladım,
Canımdan, gözümdən əziz saxladım,
Bu kiçik qəlbimdə dəniz saxladım
Bir xilqət görmədi, pünhan gətirdim.
Ucuz tutmasınlar bu sovqatımı
Hissimi, duyğumu, ehsasatımı,
Mən öz varlığımı, öz həyatımı
Doğma qardaşıma qurban gətirdim.
Ürək daş deyildir, bir parça ətdir
Bəs onu yaşadan hansı qüdrətdir?
Bir arzu, bir ümid, bir məhəbbətdir,
Mən o məhəbbətdən nişan gətirdim.
Qardaşım, illərlə istədin ki sən
Öz ana yurdumda azad olum mən…
Lakin cəlalımı dağıtdı düşmən,
Tək sənə, tək sənə güman gətirdim.
Yenə Azərbaycan qan ağlayır, qan
O azad olmasa, yaşamam, inan!
Gərək mən Təbrizə qayıdan zaman
Deyəm ki, təzə bir dövran gətirdim.
Bu gün siyasi, ictimai xadim, Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından, ilk ana dili dərsliyinin müəlliflərindən biri, İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaratmış, əməkdar incəsənət xadimi, əmək veteranı, mühacir Azərbaycan şairi Əli Tudənin anım günüdür.
Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Əslən Ərdəbilin Çanaqbulaq kəndindən olan valideynləri XX əsrin əvvəllərində Bakıya köçüb. Atası neft mədənində fəhləlik edib və buruq ustası vəzifəsinə qədər yüksəlib. Kiçik yaşlarında hər iki valideynini itirən Əli nənəsinin himayəsində böyüyüb. 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, həmçinin radioda səsləndirilib.
1938-ci il represiya dövründə 7-ci sinifdə oxuyarkən Cənubi Azərbaycan mənşəli olduğu üçün şair nənəsi ilə birlikdə İrana sürgün olunub və təhsili yarımçıq qalıb. O, İranda ata yurdu olan Savalan dağının ətəyindəki Çanaxbulaq kəndində təsərrüfat işləri ilə məşğul olub. Ərdəbildə fəhləlilik edib. Ağır həyat tərzi keçirib. lakin, bir gün belə olsun qələmini yerə qoymayıb, daim yazıb-yaradıb.
Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatının ən fəal üzvlərindən biri olub.
1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli hökumət qurulanda xalqını, millətini ürəkdən sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyib. “Ana dili” kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayıb. Bundan əlavə, Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradıb.
Milli hökumət onu ali mükafatla, “21 Azər” medalı ilə təltif edib. Təbrizin "Şairlər məclisi" ndə müdriklər tərəfindən Əliyə Tudə, yəni Xalq təxəllüsü verilib.
Tudə təxəllüsünü
Xalq özü verdi mənə.
Mərd, fədai olmağı
Məsləhət gördü mənə.
O zaman şairin hələ sadəcə 22 yaşı var idi və ilk şeirlər kitabı da çap mərhələsində idi. Lakin, min bir əzabla qanlar bahasına qurulan milli hökumət qısa zamanda İran dövləti tərəfindən devrildikdən sonra şairin kitabı mətbəədəcə yandırılıb və Şah tutulduğu anda məhkəməsiz flansız qətlə yetirilməsi haqqında fərman verib. Şair yenidən şimali Azərbaycana üz tutub və ömrünün sonuna qədər siyasi mühacir pasportu və vətən həsrəti ilə yaşayıb.
O, heç vaxt Sovet pasportu daşımayıb və bir çox yüksək titul və mükafatlardan məhrum olub.
Bütün dünya görür ki,yarım əsrə yaxındır
Mən xalqımın içində siyasi mühacirəm
Mən sakin deyiləm hələ də müsafirəm
Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyib. Burada həmçinin şairə ali təhsil almaq imkanı yaranıb və o, Bakı Dövlət Universitetinin filologiya fakuktəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali Partiya Məktəbində müdavim, "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olub. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilib.
“Əməkdə fərqləndiyinə görə” medalı ilə mükafatlandırılıb və Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunub. O, həmçinin "əmək veteranı", "əməkdar incəsənət xadimi" adlarına da layiq görülüb.
Qardaş xəyalımı soraqlasan sən
Vətən çox genişdir sən hər yanda gəz
Ancaq ürəyimi tapmaq istəsən
Başqa yerə getmə Savalanda gəz
Yaradıcılığının başlıca motivlərini, nisgil, intizar, vətən həsrəti təşkil edən şair 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Onun əsərləri özbək, qırğız, hind, ukrayna, rus, inglis və s dillərə tərcümə olunub.
Ömrü boyu cənub intizarı çəkən Əli Tudə doğma kəndi Çanaqbulağa olan həsrətini belə ifadə edirdi:
Yol üstdəki bulağıyla kəndimizi istəyirəm
Gəncliyimin dodağıyla kəndimizi istəyirəm
Mənə şair balam deyən, şeir sənət qalam deyən
Durnalardan salam deyən kəndimizi istəyirəm
Gülqasımlı yarağanıyla, Gülburnulu bostanıyla
Günəşiylə, dumanıyla kəndimizi istəyirəm
Xəyal hicran dumanında, könül vüsal gümanında
Çanaqbulaq ünvanında kəndimizi istəyirəm
O, 1996-cı ildə fevralın 26-da Bakıda vəfat edib və fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)