Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bir faciə düşünün. İnsanlıq tarixinə qara ləkə kimi düşəcək, 20-ci əsrin ən dəhşətli qırğınlarından biri kimi yaddaşlarda qalacaq bir faciə.
Bir faciə düşünün, körpəsindən tutmuş, hamilə qadınına, əl-ayağı yalın qocasına qədər hər kəsin üzərində hər cür vəhşiliyin, vandallığın törədildiyi bir faciə.
Bir faciə düşünün, evində yatan insanların evi ilə birlikdə yandırılaraq külə döndərildiyi, əsir götürülən insanların ağaclara bağlanaraq üstündə ocaq qalandığı, yenicə doğulan uşaqların analarının gözü önündə iki hissəyə bölündüyü bir faciə.
Bu gün bütün bu sadaladığım vəhşiliklərin, vandallıqların törədildiyi Xocalı faciəsinin 33-cü ildönümüdü.
1992-ci il Fevral ayının 25-indən 26-na keçən gecə erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıda törətdiyi, insanlığa sığmayan hər cür murdarlığı etdiyi vəhşiliklər bu gün də xatirimizdədi və bu gün də Xocalıda öldürülən 613 nəfər soydaşımız anılır.
Biz qayıtdıq Xocalım!
Sənə qarşı törədilən vəhşiliklərin qisasını alaraq qayıtdıq.
Biz qayıtdıq Xocalım!
Alnımıza çalınan qara ləkəni təmizləyərək qayıtdıq.
Biz qayıtdıq Xocalım!
Şəhidlərimizin, qisasını alaraq, analarımızın gözündəki yaşı silərək qayıtdıq.
Biz qayıtdıq Xocalım!
Sənə qarşı uzanan naməhrəm əli dibindən kəsərək, bağrına düşən müsəlman qanını təmizləmək üçün, səni yenidən ilk günkü kimi əzəmətli, gözəl, güllü-çiçəkli etmək üçün qayıtdıq.
Artıq sənin adın anılanda başımızı aşağı salmırıq. Artıq sənə tərəf baxanda “Görəsən Xocalını görə biləcəyəmmi?” sualını bir-birimizə vermirik.
Artıq səni igid, qorxmaz, qalib Azərbaycan əsgəri qoruyur.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!!
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)