Su çərşənbəniz mübarək!

 

Bu gün Novruz bayramının ilk çərşənbəsi olan Su çərşənbəsi qeyd olunur. Bu, baharın ilk addımı hesab edilir. 

Əsatirlərə görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün dörd çərşənbədən ilk olaraq su çərşənbəsi qeyd edilir. İlk çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlayır. Bu gün ilk Novruz tonqalları qalanır, ilk bayram aşları bişirilir.

Su ilə bağlı əsasən kənd yerlərində müxtəlif ayinlər keçirilir, su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür.

Bu çərşənbə ilə əlaqədar müxtəlif şənliklər keçirirlər, baharın addımlarını duyan insanlar sevinirlər. Xüsusən indiki bu ağır, pandemiya məhrumiyyətli dövrdə baharı hamı səbirsizliklə gözləyir! 

El adətinə görə, su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.

Xalqın inancına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olurlar. İnanca görə, "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.

Su çərşənbəniz mübarək olsun!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.