Seymur Əliyev, “Ədəbiyyat və incəsənət” üçün
Son vaxtlar bəzi tarixi-ədəbi karifeylərimiz haqqında tənqidi fikirlər ortaya atılmaqda, klassiklərimizin yaradıcılığı ilə yanaşı,şəxsiyyətləri də hədəfə alınmaqdadır.
Bu cür qarayaxma kampaniyaları cəmiyyət üçün hansı fəsadlar törədə bilər? Sapı özümüzdən olan baltalar tərəfindən irəli sürülən bu ittihamlardan sabah Azərbaycanın xaricdəki düşmənləri də ilham ala, oxşar iddialarla çıxış edə bilərmi?
Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının(WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Keçmişə güllə atanı gələcək topa tutar. Biz bu gün dahi Nizami Gəncəviyə “farsca yazıb”, böyük Füzuliyə “qəliz yazıb”, ulu Vaqifə “padşaha işləyib”, öndər Məhəmmədəmin Rəsulzadəyə “faşistlərlə danışıqlar aparıb” kimi ittihamlar səsləndirən bir qaragüruhun müasirləriyik. Belələri, xüsusən, Sovet dövrü yazarlarını - Səməd Vurğunu, Rəsul Rzanı stalinizmə sədaqətdə suçlayırlar.
Hər bir fərdi öncə yaşadığı zəmanə yetişdirir. Sən bunu nəzərə almadan onlara 3-cü minillikdəki ictimai-siyasi doqmalar kontekstindən qiymət verə bilməzsən. Nizami niyə farsca yazıb sualının bəsit cavabı var, çünki 12-13-cü əsrlərdə Şərq poeziyasının dili fars ədəbi dili idi. Füzuli niyə qəliz yazıb, çünki 16-cı əsrdə işlənən Azərbaycan türkcəsi məhz elə idi. Vaqif niyə şaha işləyib, çünki Vaqif Qarabağ xanlığında vəzir postunu tutub, dövlət xadimi olub. Məhəmmədəmin Rəsulzadə niyə faşistlərlə danışıqlar aparıb, çünki Azərbaycanı işğal edən sovet rejimindən qurtuluş yolunu bunda görüb. Səməd Vurğula Rəsul Rza niyə stalinizmə, leninizmə sədaqət göstəriblər, çünki onlar bu nəhəng ideoloji maşının çarxları arasında uşaqlıq, gənclik yaşayan və qatı təbliğata uymağa məcbur olan bir nəslin nümayəndələri olublar, zaman keçdikcə isə bu rejimin mahiyyətini görüb ona qarşı daxili üsyana qalxıblar.
Ey bugündə oturub dünəndəkilərdə eyib axtaranlar. Siz öz zəmanənizdə kristalsınız yəni?
Və bunlar da bir yana. Hər bir etnosun milli-mental dəyərləri, min illər formalaşmış paradiqmaları var. Xalqın görkəmli şəxsiyyətlərinə çamur atmaq cinayətdir. Məncə, cəmiyyət belələrinə təpki göstərməlidir”.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)