Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
İlk çağındaydı gözəl mövsümün,
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi Mayısın,
Azərbaycan İstiqlala girmişdi.
Erkən qopdu bir qasırğa quzeydən,
Baharımız, heyhat döndü qış oldu.
Azərbaycan Moskovların əlində,
Əsarətin zəhərini dadmış oldu.
Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir kərə dadmış millət,
"Hürriyyət" fikrinə candan vuruldu.
Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda,
Əlbət bitər bir yeni Azərbaycan.
Şiddətliysə əgər mövsümün qışı,
Yeni bahar, demək, parlaq olacaq.
Verdiyimiz qurbanların bahası,
Bizə yalnız hürriyyətlə dolacaq.
Tarixin yenə gözəl bir çağında,
Qaranlıq qış keçib, bahar gələcək.
Hər hansı bir ilin aydın günündə,
Azərbaycan İstiqlala girəcək!
(“Mayıs duyğuları” - Məhəmməd Əmin Rəsulzadə, 1955-ci il. (Son şeiri))
Bütün ömrünü vətəninin istiqlalı, xalqının hürriyyəti üçün yaşayasan, lakin vətənində yaşaya bilməyəsən...
Bəli, o, bütün ömrünü vətəninin istiqlalı, xalqının hürriyyəti yolunda xərclədi. Bu uğurda dəfələrlə doğma yurdundan didərgin düşdü, 71 illik ömrünün 40 ilini o çox sevdiyi vətənindən uzaqda mühacirətdə, mübarizələrdə keçirdi. Mühacirətdə də daim vətəninin, millətinin rifahı üçün çalışdı. Davası yolunda ən əzizlərini, ailə üzvlərini belə faciəvi şəkildə itirdi, istiqlal səadəti yarım qaldı. Lakin, o, yenə də son nəfəsində Azərbaycan söylədi.
Bu gün siyasi və ictimai xadim, publisist, şair, ədəbiyyatşunas, bütün şərqdə, türk-islam dünyasında ilk parlamentli demokratik respublikanın qurucusu böyük mütəfəkkir, milli lider Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Abşeronun Novxanı kəndində ruhani ailəsində dünyaya gəlib.
Sultan Məcid Qənizadənin rus-müsəlman məktəbində və Bakı texniki məktəbində təhsil alıb.
Gənc yaşlarından publisistik, ədəbi və siyasi fəaliyyətə başlayan Rəsulzadə 1903-cü ildə gizli fəaliyyət göstərən və əsas vəzifəsi gənclərdə milli hislər oyatmaq, rus məktəbində oxudulmayan türkcəni inkişaf etdirmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış şeirləri əzbərləmək və arada-sırada mətbəə üsulu ilə çap edilmiş bəyannamələri paylamaq, fəhlələr arasına gedib, hürriyyət və inqilab fikirlərini onların arasında sistemli surətdə yaymaq olan "Gənc İnqilabçılar Dərnəyi"ni yaradır.
Bu dərnəyin "Hümmət" adlı bir qəzeti də çıxmışdır.
Müxtəlif vaxtlarda "Şərqi-rus", "Həyat", "İrşad", "İqbal", "İstiqlal", "Qurtuluş", "Azərbaycan" və s. mətbu orqanlarında ictimai-siyasi, ədəbi məzmunlu yazılarla çıxış edilir, bəzilərində redaktorluq edir.
Çar Rusiyası tərəfindən təqib olunmağa başlanan Rəsulzadə 1909-cu ilin əvvəllərində təqiblərdən və həbs təhlukəsi səbəbindən vətəni tərk etmək məcburiyyətində qalaraq İrana üz tutur və bununla da onun mühacir həyatı başlayır.
İranda olduğu müddət ərzində Təbrizdə Səttarxanla görüşür, Avropada təhsil almış bir qrup İran ziyalısı ilə birgə "İran Demokrat partiyas"ını təsis edir, Tehranda "İrani-Nov" (Yeni İran) qəzetini yaradır. Və bu qəzet ilə birlikdə Rəsulzadə həm də İranda Avropa tipli jurnalistikanın əsasını qoyur.
1911-ci ildə Çar Rusiyasının İrandakı səfirliyinin təzyiqi və İran Məşrutə hərəkatının məğlub olması səbəbi ilə İranı da tərk edir.
İranı tərk etdikdən sonra gizli olaraq Astara-Lənkəran yolu ilə Bakıya gəlir və bir müddət burda qaldıqdan sonra Türkiyəyə mühacirət edir. İstanbulda "Türk Yurdu" dərgisi və "Türk Ocaqları" təşkilatı ilə yaxından əməkdaşlıq edir.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi bağışlanmadan sonra bir çox mühacir kimi Rəsulzadə də vətənə qayıdır.
"Müsavat" partiyasının fəaliyyətini gücləndirir, 1915-ci ildə Rəsulzadənin redaktorluğu ilə "Müsavat" partiyasının ideyalarını təbliğ edən "Açıq söz" qəzeti nəşrə başlayır. Bu qəzet türk ədəbi ləhcəsi ilə çap edilən ilk mətbuat orqanı olur.
1917-ci ildə Bakı şəhərində "İsmailiyyə" binasında "Müsavat" partiyasının I qurultayı keçirilir və Rəsulzadə partiyanın sədri seçilir.
1918-ci il ildə Azərbaycan Milli şurasının sədri seçilir.
1918-ci il 28 mayda Rəsulzadənin sədri olduğu Milli Şura Tiflisdə Azərbaycan Xalq Cumhuriyyətinin yaradıldığını elan edir və Azərbaycan Milli İstiqlal bəyannaməsi qəbul edilir.
Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cumhuriyyəti bütün Şərqdə həmçinin türk-islam dünyasında ilk demokratik hüquqi və dünyavi nümunəsi olmuşdur.
Cəmi 23 ay yaşayan Xalq Cumhuriyyəti dövründə bir sıra vacib qərarlar qəbul edilir və icra olunur. Ordu yaradılır, Azərbaycan dili dövlət dili elan edilir, İlk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti təsis edilir, Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilir, Azərbaycan tarixində mətbuatın ilk hüquqi əsasları, mətbuat haqqında nizamnamə yaradılır.
1920-ci ildə Bolşeviklərin Azərbaycanı işğalından və Azərbaycanda yenidən Sovet hökuməti qurulduqdan sonra bir müddət Lahıcda qalır. 1920-ci ilin avqustunda həbs edilib Bakıya gətirilir.
Rəsulzadə həbsdə olarkən Stalin Bakıya gəlir və onu həbsdən azad edərək özü ilə Moskvaya aparır.
Bununla Stalin bəlkə də XX əsrin əvvəllərində onun Bakının Bayıl həbsxanasından qaçırılmasında xüsusi rol oynamış Rəsulzadə qarşısında öz vicdan borcunu yerinə yetirirdi. Lakin bir zamanlar dost münasibətində olmalarına baxmayaraq Stalin Rəsulzadənin ailəsini sürgünə göndərir. Rəsulzadənin həyat yoldaşı Ümbülbanu xanım 19 yaşında güllələnən oğlu Rəsulun ölümü ilə barışa bilmir və 1939-cu ildə sürgündə ürəyi partlayıb dünyasını dəyişir.
Böyük qızı Lətifə xanım da övladları Firuzə və İşvə ilə birlikdə Qazaxıstana sürgünə göndərilir. 3-cü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılır. Lətifə xanım qızı İşvə ilə birlikdə 1943-cü ildə Qazaxıstanda sürgündə aclıqdan və soyuqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifə xanımın Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır, belə ehtimal edilir ki, o da xəstəlikdən dünyasını dəyişib.
Kiçik qızı Xalidə anasının ölümündən sonra Qazaxıstanda qala bilmir və həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, lakin sonra buranın nəzarətdə olduğunu hiss edib Şamaxıya üz tutur və ondan sonra ondan heç bir xəbər alınmır.
Böyük oğlu Rəsul 1937-ci ildə Novxanıdakı bağlarında həbs olunaraq 19 yaşında güllələnir.
Rəsulzadənin ailəsindən sağ qalan yeganə kiçik oğlu Azər 1993 cü ildə Qazaxıstanda dünyasını dəyişib. 1946-cı ildə sürgündə Azər bəyin oğlu Rəis Rəsulzadə dünyaya gəlib. Rəis bəy Azərbaycanın əməkdar rəssamıdır.
Bir müddət Moskvada nəzarət altında yaşayan Rəsulzadə 1922-ci ildə elmi ezamiyyət adı ilə Sankt-Peterburqa, oradan isə Finlandiyaya gedir. 15 gün fin əsgərlərinin nəzarətində qalır. Bir müddət Helsinkidə yaşayır. Daha sonra Fransaya, Almaniyaya, oradan isə Türkiyəyə gedir.
1923-cü ildə İzmirdə Rəsulzadənin “Azərbaycan Cumhuriyyəti keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti” kitabı Atatürk mükafatına layiq görülür.
Lakin Türkiyənin Sovet dövləti ilə olan münasibətləri və ölkə daxilindəki siyasi vəziyyətlə bağlı olaraq Rəsulzadə 1930-cu ildə Türkiyəni də tərk etmək məcburiyyətində qalır və bir müddət Polşa, Almaniya və Ruminiyada yaşadıqdan sonra bir də 1947-ci ildə qayıdıb Türkiyə vətəndaşlığı alaraq ömrünün sonuna qədər orada yaşayır.
Ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının da vəfat etdiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə həyatı qurub və hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Onların bu evlilikdən övladı olmayıb
2-ci dünya müharibəsi vaxtı Adolf Hitlerlə görüşməsə də Almaniya hökuməti ilə əlaqələr qurur. Və başlıca məqsədi sayı 70 000-ə qədər azərbaycanlı əsiri xilas etmək olur.
Ankara universitetinin Cebeci xəstəxanasında şəkərli diabet xəstəliyindən müalicə alan Rəsulzadə 1955-ci il mart ayının 6-da uğrunda bütün ömrünü və ailəsini qurban verdiyi Azərbaycanın adını 3 dəfə söyləyərək vəfat edir və Ankaradakı Esri qəristanlığında dəfn olunur.
Martın 7-də Ankara radiosu təssüflə Azərbaycanın milli lideri Rəsulzadənin vəfat xəbərini yayır.
Bizim üçün o mayak kimi daim üfüqdə parlayıb millətinə yol göstərəcək olan Zöhrə ulduzu, işığı heç bir zaman sönməyəcək olan bir Azadlıq Günəşidir. Çünki bu yurdda azadlığın, istiqlalın, hürriyyətin günəşi onunla birlikdə, onun verdiyi qurbanlar, onun çəkdiyi zəhmətlər hesabına doğdu.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)