İran niyə əndişəlidir, yaxud “Jewish Press” Ərdəbil imamının təxribatçı çıxışından yazıb

“İran Azərbaycanın Ermənistan üzərində qələbəsini şəxsi itki kimi qəbul edib və buna görə də Azərbaycana qarşı mövqeyini sərtləşdirib.” - Bu barədə tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham ABŞ-nin “Jewish Press” nəşrində dərc olunmuş “Bakı ilə Tehran arasında yeni diplomatik münaqişə yaranırmı?” adlı məqaləsində yazıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məqalədə bildirilir ki, İranın Ərdəbil şəhərində Çaldıran döyüşü ilə bağlı keçirilən anım mərasimində moizəçi Qulamrza Quluzadə Türkiyə və Azərbaycana, həmçinin hər iki ölkənin prezidentlərinə qarşı təhqiramiz ifadələr səsləndirib. Tədbir İranın rəsmi xəbər şəbəkəsində canlı yayımlanıb. Bu da Quluzadənin sözlərinə görə İran hakimiyyətinin məsuliyyət daşımasına şübhələr yaradıb. Quluzadə İranın Qafqazda itirdiyi keçmiş ərazilərini geri alaraq orada şiə bayrağını qaldıracağı kimi fikirlər də söyləyib.

Tədbirə İranın ali dini lideri Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Ameli də qatılıb. Ameli Azərbaycana qarşı populist və qızışdırıcı bəyanatlar verməsi ilə tanınır. O, çıxışlarının birində Azərbaycana “şirin (İran nəzərdə tutulur) quyruğu ilə oynamamağı” tövsiyə edib. Amelinin rəsmi şəxs olduğuna diqqət çəkən müəllif bu açıqlamaların İranın həqiqi mövqeyini əks etdirdiyi qənaətinə gəlib.

Məqalədə Azərbaycanın cavabının yubanmadığı qeyd olunub. İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığı və İran tərəfinə sərt etiraz bildirildiyi, bu cür təxribatlara son qoyulmasının tələb edildiyi göstərilib. Azərbaycan Prezidentinin Ərdəbil imamının Azərbaycan və onunla bağlı səsləndirdiyi ifadələri "təhqir" adlandırdığı, İranı bu məsələyə görə açıq şəkildə üzr istəməyə çağırdığı vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.