Qətərdə Azərbaycan guşəsinin açılış mərasimi keçirilib

 

Qətər Dövlətinin dünyaca məşhur və görkəmli muzeyi sayılan Şeyx Faysal Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan guşəsinin açılış mərasimi keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, mərasimdə Şeyx Faysal muzeyinin qurucusu bin Qassim Al Tani, Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılov, Qətərdəki diplomatik korpusun üzvləri, diplomatlar, Qətər ictimaiyyətinin nümayəndələri, Qətərdə yaşayan Azərbaycanlılar və mətbuat nümayəndələri iştirak ediblər.

Açılış mərasimindən öncə çıxış edən Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılov iki ölkə arasında bütün sahələrdə yüksələn xətlə davam edən əlaqələrdən söhbət açmış və bu əlaqələrin mədəni sahədə də uğurla davam etdiyini vurğulayıb. Səfir qeyd edib ki, dünyanın tanınmış Şeyx Faysal muzeyində Azərbaycan mədəniyyəti və tarixinə aid nümunələrin sərgilənməsi və təbliğ edilməsi bu əlaqələrin daha da möhkəmlənməsinin bariz nümunəsidir. 

Səfir yaradılmış bu şərait və imkana görə Qətər tərəfinə və əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra tədbirdə çıxış edən muzeyin qurucusu Şeyx Faysal bin Qassim Al Tani öz ürək sözlərini ifadə edərək bu cür eksponatları muzeydə sərgiləməkdən məmnunluq hissi keçirdiklərini qeyd edib. Daha sonra səfir və Faysal muzeyinin qurucusu Şeyx Faysal bin Qassim Al Tani muzeyin əsas hissəsində yaradılmış Azərbaycan guşəsinin açılışını bildirən rəmzi lenti kəsmiş və qonaqlarla birlikdə eksponatlara baxış keçiriblər. Burada sərgilənən məlumatlar və eksponatları özündə əks etdirən guşə ilə yaxından tanışlıq qonaqlarda zəngin təəsürat yaradıb. Muzey ilə tanış olan iştirakçılar burada olan nadir eksponanları maraqla izləyiblər. Tədbirin sonunda qonaqlar xatirə şəkli çəkdiriblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.