Haçansa memuarlarımı yazacağam -VARİS Featured

 

 

Haçansa mütləq memuarlarımı yazacağam.

90-cı ilin 20 yanvarında Bakıdakı qırğın xəbərini eşidib sumqayıtlılar Kimyaçı sarayının qarşısına axışırdı. Dan yeri yenicə sökülürdü. Hamı çaşqınlıq içindəydi. Xalq hərəkatı fəalları mitinq təşkil etmək qərarına gəldilər.

 

Hələ SSRİ-nin tərkibindəydik, hələ kompartiya xofu güclüydü, hələ imperiyanın ordusu üstümüzə silah tuşlamışdı deyə adamlar hər şeyi öz adıyla deməyə ehtiyat edirdilər. 

Belə bir vaxtda tribunaya bir tələbə çıxdı və hayqırdı ki, Bakıda baş verənlərin adı birdir: rus faşist ordusunun Azərbaycan xalqına qarşı soyqırımıdır, Dağlıq Qarabağı müdafiə edən xalqımızın cəzalandırılmasıdır. 

Ardınca da hamını Bakıya yürüş etməyə çağırdı. 

Və ona qoşulanların yürüşünü Ceyranbatan gölünün tuşunda, dörd gün sonra akademiklərimizi öldürdükləri yerdə sovet tankları dayandırdılar. Həmin o çılğın gənc tankın üstündəki sifəti donuq ifadəli əsgərlərə “faşistlər”, “işğalçılar” deyə qəzəb püskürəndə əli tətikdə olanlar çaxmağı da şaqqıldatdılar. Amma nəsə düşünüb atəş açmadılar. 

Bax o açılmayan atəşdən üzü bəri 35 ildir ki, həyatdayam. 20 yanvar mənim taleyimdən bax belə keçib. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Şəkildə: 20 yanvardan 4 gün sonra Çeyranbatan gölünün tuşunda qanlı rus ordusu akademiklərimizin avtomobilini əzib onları işıqlı həyatdan məhrum etdilər.

 

“Ədəbiyyat və incəsənət”

(20.01.2025) 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.