“Mənəviyyat çeşməsi”ndə Azərbaycan guşəsi

 

Özbəkistanın “Mənəviyyat çeşməsi” qəzetində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla müsahibə verilib.

AzərTAC xəbər verir ki, şair və tərcüməçi Gulzira Şaripovanın hazırladığı müsahibədə Özbəkistan-Azərbaycan dostluğu, şair və yazıçılarımızın yaradıcılıq əlaqələri, AMM-in fəaliyyəti, keçirilən tədbirlər, indiyədək çap edilən kitablar, Özbəkistanın Daşkənd, Səmərqənd, Fərqanə, Namanqan, Sırdərya, Xarəzm vilayətlərində və Qaraqalpaqstan Respublikasında keçirilən Azərbaycan mədəniyyəti günləri haqqında məlumat yer alıb. 

Müsahibədə ötən il dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı ölkəmizdə “Nizami Gəncəvi İli” keçirildiyi bildirilir, bununla bağlı ölkəmizdə və dünyada baş tutan tədbirlər haqqında söhbət açılır. 

Qeyd olunur ki, Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si ilk dəfə tam olaraq özbək dilinə tərcümə edilib. Bildirilir ki, 2021-ci ildə Nizami Gəncəvinin 880, özbək şairi Əlişir Nəvainin 580 illik yubileyi Özbəkistanda, Azərbaycanda, türk dünyasında və Şərq ölkələrində yüksək səviyyədə qeyd olunub. 

Qəzetdə Gulzira Şaripovanın tərcüməsində Azərbaycan şairləri İbrahim İlyaslı, Qəşəm Nəcəfzadə və Ayaz Arabaçının şeirləri də çap edilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.