Mədəniyyət Nazirliyinin şöbə müdiri artıq Özbəkistanda çalışır - YERİ İSƏ VAKANTDIR Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Hələ əvvəlki mədəniyyət naziri Anar Kərimovun vaxtından Mədəniyyət Nazirliyində kitab sənayesi şöbəsinin müdiri işləyən Akif Maariflinin yolu nazirliklə ayrılıb. O, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib və bu postda Samir Abbasovu əvəz edib. Samir Abbasov isə bir müddətdir ki, yaxşı fəaliyyətinə görə irəli çəkilib və hazırda Ankaradakı analoji mərkəzə rəhbərlik edir. 

 

Akif Maariflinin fəaliyyəti ilə bağlı artıq ilk xəbərimiz də var. O, ötən gün “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinovla görüş keçirib. 

Mərkəzin yaydığı məlumata görə, görüşdə Azərbaycan-Özbəkistan arasında mədəniyyət, elm və təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsi, birgə əməkdaşlığa dair məsələlərdən söhbət açılıb. Həmçinin Azərbaycan dilinin və ədəbiyyatının Özbəkistan universitetlərində geniş təbliği istiqamətində səylərin daha da artırılmasının vacibliyi, universitetlərimiz arasında əlaqələrin genişlədirilməsi və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında cari il üçün birgə əməkdaşlığa dair razılıq da əldə olunub.

Bu arada onu da nəzərinizə çatdırım ki, Mədəniyyət Nazirliyində kitab sənayesi şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olmayıb, nazirlik bu vəzifəni Dövlət İmtahan Mərkəzinin vakant vəzifələri elanları səhifəsində yerləşdiribdir. 1470 manat əməkhaqqı olan bu rəhbər vəzifənin sahibi imtahan yolu ilə müəyyənləşəcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.