Yenə zülm. Yenə zorakılıq. Yenə əziyyət - ALMAS İLDIRIMIN ANIM GÜNÜDÜR Featured

İnci Məmmədzadə

 

Bu dəfə sizə varlı tacir oğlu olduğuna görə  Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilmiş Almas İldırımdan söhbət açacam. Tale elə gətirir ki, sonradan o ölkədən də xaric olunur…

 

Almas İldırım 1907-ci il mart ayının 25-də 

Bakının Qala kəndində anadan olub.

1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir NKVD agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, "A. İldırım ideolojimiz üçün zərərli bir insandır…". Bundan sonra Türkmənistanda qalmaq onun üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.

 

Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İrana çatırlar, dərhal həbs olunur. 25 gün həbsxanada qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verirlər, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilmir və  çox yoxsul, acınacaqlı həyat sürür.

Burada qala bilməyib tezliklə Türkiyəyə gedir və 1934-cü ildə qardaş ölkənin vətəndaşlığına qəbul edilir. O, burada  katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif bölgələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışır. 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur. Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə vardır.

 

Vətən həsrəti, qəribliyin hüznü onun demək olar ki, bütün əsərlərinin aparıcı mövzusunu təşkil edir. O, Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirmiş, milliyətçi və istiqlalçı şair kimi tanınmışdır.  

 

1954-cü il sentyabrın 18-də Azərbaycan SSR-in yeni daxili işlər naziri Quskov Azərbaycan KP MK-nın birinci katibi Mir Teymur Yaqubova məktub göndərərək kitabxanalarda siyasi cəhətdən ziyanlı kitabların olması haqda məlumat verir, onların dərhal yığışdırılmasını təklif edib. 1954-cü il oktyabrın 9-da qəbul edilmiş qərara əsasən aralarında Almas İldırımın da olduğu 21 müəllifin kitabları kitabxanalardan yığışdırılır…

 

Kitabları:

1. Seçilmiş əsərləri 

2. Qara dastan (şeir və poemalar)

3. Azərbaycanın didərgin salınmış övladı şair Almas İldırımın şeirləriylə. Tərtib edəni və ön sözün müəllifi Hacı Hacıyev

4. Azərbaycan mahnıları

5. Азербайджан; До свидания, Баку! (стихи) (Авторский перевод А. Фересетели). "Молодёжь Азербайджана", 1993, 14–24 апреля.

6. Прощай Баку!; Азербайджан (стихи) (Перевод В. Кафарова). "Баку", 1993, 20 июля.

7. Что было?; Не вернулся (стихи) (Авторизованный пер. А. Манафова). "Молодёжь Азербайджана", 1994, 31 декабря.

 

Bəli. Bu gün onun anım günüdür. 

Və yetər ki, onun dillər əzbəri olan bir şeirini paylaşaq:

 

 ƏSİR AZƏRBAYCANIM

 

Nerdə məni gül 

qoynunda doğuran,

Xəmirimi göz yaşıyla yoğuran,

Beşiyimdə "layla balam" çağıran,

Azərbaycan mənim 

baxtsız anam, oy,

Neçə bir il həsrətinlə yanam, oy!..

 

Salam desəm, rüzgar alıb götürsə,

Ağrı dağdan Alagözə ötürsə,

Gur səsimi göy Xəzərə yetirsə,

Xəzər coşub zəncirini qırsa, oy!..

Hökm etsə, bu sərsəm gediş 

dursa, oy!..

 

Xəbər alsam Muğanımdan, 

Milimdən,

Nazlı Bakım, o neft qoxan 

gülümdən,

Kim demiş ki, düşmüş adı 

dilimdən,

Azərbaycan, mənim eşsiz 

yurdum, oy!..

Ölməz eşqim,

içimdəki dərdim, oy!

 

Könlümə tək Kəbə yapdım 

səni mən,

Sənsiz nedəm qurbət eldə 

günü mən,

Sənsiz nedəm Allahı mən, 

dini mən,

Azərbaycan, mənim tacım, 

taxtım, oy!

Oyanmazmı kor olası 

baxtım, oy?!.

 

Allah rəhmət eləsin! Amin!

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.