Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 23-də Fransada yaşayan dünya şöhrətli azərbaycanlı fotojurnalist Reza Deqati ilə görüşüb.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, görüş zamanı R.Deqati Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri haqqında danışaraq Vətən müharibəsində çəkdiyi fotoşəkilləri, şahidi olduğu dəhşətli mənzərələri bölüşüb.
R.Deqati bildirib ki, Azərbaycanın tarixi və mədəni irsinə qarşı törədilən təcavüzləri öz fotoları ilə beynəlxalq ictimaiyyətə çatdıraraq, yaşanmış hadisələri, xalqımızın çəkdiyi ağrı-acını öz əsərlərində canlandırmağa müvəffəq olub.
Qeyd edək ki, Reza Deqati 1952-ci ildə Təbrizdə doğulub, hazırda Fransada yaşayır.
Tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. O, 20 yanvar hadisələri, Xocalı soyqırımı şahidlərini lentə alıb.
Bundan başqa, 90-cı illərdə müharibə gedən dövrdə Şuşa, Zəngilan, Cəbrayıl kimi bölgələrdə baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. Bundan sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Rezaya qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. Reza isə öz növbəsində cırılan şəkilləri yeniləri ilə əvəz etməyib, ermənilərin növbəti əməlini necə varsa elə də nümayiş etdirib.
Rezanın publisistik qələmi də var. O, 2014-cü ildə "Alovun zərifliyi" və Qara Yanvar, Dağlıq Qarabağ və Xocalı soyqırımı hadisələrinə həsr edilmiş "Körpələrin döyülməsi" kitablarını yazmışdır. "Alovun zərifliyi" kitabında müəllifin Azərbaycana səfərləri zamanı çəkdiyi fotolar, Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar əksini tapıb. Müəllif, eyni zamanda milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin mənzərəsini yaradıb. "Günahsızların qırğını" kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Sərgi zamanı qonaqlara təqdim olunan bu fotolarda qətlə yetirilən insanların, onların ailə üzvləri və qohumlarının acılarını, Xocalıdan didərgin düşən sakinləri, onların məskunlaşdığı yaşayış yerlərini, çətin və əziyyətli həyat tərzini əks etdirən fotolar oxuculara faciənin ağrısını çatdırır. Kitabda, həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün şəhərcikdən fotolar da yer alıb.
Həmçinin Parisdə Petit Palais-də "Alovun zərifliyi" adlı sərgi də keçirilib. 2013-cü ildə isə Parisdə Rza Deqatinin "Azərbaycan. Tolerantlıq məkanı" sərgisi keçirilib. Həmin sərgi sonralar Moskvada, İsrailin bir neçə şəhərində, eləcə də BMT-nin mənzil qərargahında, hətta Avropa Parlamentində nümayiş olunub. Tanınmış fotojurnalist 44 günlük müharibə dövründə də fotokamerasını saxlamayıb, ən maraqlı anları tarixin yaddaşına köçürüb.
Nazir Anar Kərimov R. Deqatiyə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də obyektiv qiymət verilməsi tətbiqində əvəzsiz xidmətlərinə görə təşəkkürünü bildirib.