Gediriz. Gediriz. Getməyir, uçuruz - MÜŞFİQİN ANIM GÜNÜNƏ Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İləri,

Bakının zərbəçi ərləri!

İləri, yeni neft planı

Sarsıtsın cahanı!

İləri, yeni ruh, yeni can,

Bu uzun həyəcan

Bakıyı qaplasın,

Qəhrəman divləri bir yerə toplasın!

 

Ey işçi, sən necə saqlısan buruqda,

bu ruhda

Mən dəxi şeirimdə saqlıyım.

Qoy məni tanıyan şeirimdən tanısın,

Ey şeirim, sən mənim işimin canısın.

 

Gediriz.

Gediriz.

 

Getməyir, uçuruz.

Uçuruz.

 

Uçmayıb, bir şimşək olub da çaxırız,

Axırız-axırız!

Keçmişin üzünə sillələr vuraraq axırız.

Möhtəşəm yarını quraraq axırız.

 

İrəli

 

Gediriz,

Gediriz, gediriz,

Getməyir, uçuruz,

uçuruz...

Uçmayır, bir şimşək olub da çaxırız.

Axırız-axırız.

Keçmişin üzünə şillələr vuraraq axırız,

Elliklə yarını quraraq axırız.

 

Zəfər səsləri

 

Repressiya qurbanı olan  Mikayıl Müşfiq 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Rus dilini mükəmməl bilən şairi dərs dediyi şagirdlərindən biri belə xatırlayır:

 

Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardı. Çoxumuza "qızım", "oğlum" deyə müraciət edərdi. Əslində bu ifadə onun yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər təvazökar olan Müşfiq müəllimə bu sözlər çox yaraşırdı…

 

Gənc yaşlarından yaradıcılıq aləminə gəlmiş Müşfiq "Küləklər","Günün səsləri", "Vuruşmalar", "Pambıq", "Buruqlar arasında" kitablarının, 

"Şeirlər", "Çoban", "Mənim dostum", "Səhər", "Sındırılan saz", "Azadlıq dastanı", "Buruq adamı"  əsərlərinin müəllifidir. O, 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmişdir.

 

 Vətənə bağlı olan şair "zəfər", "irəli" şeirləri də vətənpərvərlik hissi ilə yazılmış şeirlərdir. Amma bir az da zorən, kommunist rejiminin məcburən təqib edilən şairə yazdırtdığı şeirlərdir. 

Feyruz adlı şair tərəfindən "Əhməd Cavadın qanadı altında yaşayan gənc şair" adlandırılan,  Vətənini dərin bir məhəbbətlə sevən, onu hər zaman abad, müstəqil, azad görmək istəyən  Mikayıl Müşfiq 6 yanvar 1938-ci ildə qırmızı repressiyanın qurbanı olaraq dünyasını dəyişib. 

 

1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət almışdır. 

 

P.S - Mənə görə ölümündən sonra verilən bəraət bir məna daşımır, bu bəraət ona yaşarkən verilməli idi, verilməli idi ki o yaşayıb yeni-yeni əsərlər yazsın, xalqının maariflənməsi üçün çalışsın. Heyfki keçmiş dövrdə Müşfiq kimi neçə-neçə vətənpərvər insanları həyatdan məhrum etdilər. Əlbəttə ədalət hər daim yerini tutur və tutacaq.  Xatirəsini hörmətlə anırıq, məkanı Cənnət, ruhu şad olsun Amin.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.