“Ulduzlara uçdun sən...” – POLAD HƏŞİMOVUN 50 İLLİYİNƏ Featured

 

Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərahgah rəisi, general-mayor, Azərbaycanın ərazi bütövlüyü uğrunda Tovuz döyüşlərinin şəhidi, əfsanəvi qəhrəman Polad Həşimovun doğum günü idi. Şəhid generalımız sağ olsaydı 50 illik yubileyini qeyd edəcəkdi. 

 

 

 

Şair, AYB üzvü  Çoşğun Xəliloğlu “Şəhidlər barədə şeirlər” silsiləsindən bir şeirini də Polad Həşimova ithaf edib. Şeiri təqdim edirik:

 

 

 

 

 

POLAD İSRAYIL OĞLU HƏŞİMOV

 

(02.01.1975.-14.07.2020.)

 

 

 

 

 

ULDUZLARA UÇDUN SƏN

 

 

 

Qələmin gücü yetməz  vəsf etsin hünərini,

 

Dünya boyda işıqdın, boğdun dünya şərini,

 

Belə tez gözləmirdik cənnətə səfərini,

 

Getdin, gedişin ilə ürəklərə köçdün sən,

 

Azadlıq mələyitək ulduzlara uçdun sən.

 

 

 

Tanrı  bəxş eyləmişdi  sənə tərtəmiz ürək,

 

Yaşayıb çalışırdın  ana yurdu sevərək,

 

Ən şərəfli peşəni məhəbbətlə seçərək,

 

Addım-addım yüksəldin, şərəfli yol keçdin sən,

 

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

 

 

Sən  xalqın ürəyində nur kimisən- sönməyən,

 

Azadlığın yolçusu, öz yolundan dönməyən,

 

Elə  zirvədəsən ki, heç bir zaman enməyən,

 

Müqəddəs yolçuluğu məhəbbətlə, seçdin sən,

 

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

 

 

Polad kimi komandir, general unudulmaz,

 

Elə yaralar  var ki, heç zaman, ovudulmaz

 

Zaman keçər, dəyərin  itirməz yaqut, almaz,

 

Parlayan almaz kimi nurlu şəfəq saçdın sən,

 

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

 

 

Təbəssümün nur saçır  günəş kimi  üzündə,

 

Sabaha bir inam var  baxışında, gözündə,

 

Hələ yola çıxacaq çox oğullar izinlə,

 

Zəfər yoluna çıxan təzə bir yol açdın sən,

 

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

 

 

Hünərindən söz açır, bax, Ali Baş Komandan,

 

Peşəkar zabit idin, həm də xeyirxah insan,

 

Bu torpağı, Vətəni əziz bilirdin candan,

 

Şəhidlik şərbətini birnəfəsə içdin sən,

 

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(06.01.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.