23 iyul 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin Televiziya kanalları ilə əməkdaşlığına dair işçi qrupunun ilk iclası keçirilib.
Mədəniyyət Nazirliyinin məlumatına görə, iclasda AzTV, İctimai TV, Real TV, Xəzər TV, ATV, CBC TV kanallarının nümayəndələri iştirak ediblər.
Çıxış edən Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə televiziya işçilərini salamlamaqdan məmnunluğunu bildirib. O, ölkə prezidentinin gənclərin maarifləndirilməsi, dilimizin zənginliyinin, saflığının qorunması ilə bağlı tapşırıqlarını diqqətə çatdıraraq, televiziya kanalları ilə əməkdaşlıqda bu məqamları rəhbər tutmağın vacibliyindən söz açıb,
16 fevral 2021-ci il tarixində Mədəniyyət naziri Anar Kərimovun Azərbaycanın televiziya kanallarının rəhbərləri ilə görüşünü xatırladaraq, birgə sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
V. Eyvazzadə interaktiv müzakirə şəklində davam edən iclasda mədəniyyətin müxtəlif sahələrinin, xüsusilə kino, incəsənət, memarlıq irsimizin təbliğatının vacibliyindən danışıb.
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə dilimizin, adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsində televiziyanın əvəzsiz rolundan bəhs edib.
İclasda iştirak edən televiziya əməkdaşları Mədəniyyət Nazirliyi ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər. Bu əməkdaşlığı dərinləşdirmək üçün hədəf qruplarının yaradılması və birgə layihələrin hər bir televiziyanın öz auditoriyası ilə uzlaşdırması kimi mühüm məsələlər müzakirə olunub,
iş planı və yol xəritəsi müəyyən edilib.